Məhkəmə qərarları › İş №3(037)-514/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-514/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-514/2023 03.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımının 15 iyul 2023– cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə 03 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımının 15 iyul 2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 şikayət ərizəsində göstərmişdir ki, YPX inspektoru polis serjantı X2 tərəfindən barəsində 15 iyul 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, yol patrul xidməti inspektoru polis serjantı X1 İsmayıllı rayonu, Cülyan kəndində yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı tərtib etdiyi 15 iyul 2023-cü il tarixli, İXP 5546183-saylı protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, 15 iyul 2023-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, istər protokol tərtib edilərkən istərsə də həmin protokol əsasında qərar qəbul edilərkən inizbati xəta törətmədiyim nəzərə alınmamış, qanunsuz olaraq barəmdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilmişdir. Qeyd edir ki, inzibati xətanın aşkar edilməsi barədə protokolda heç bir qeyd yoxdur. Burdan belə qənaətə gəlməyə əsas verir ki, 4 tağım Yol Patrul Xidməti inspektoru polis serjantı X2 inzibati xətanı şəxsən özü tərəfindən bilavasitə aşkar etmişdir. Lakin törədilməsi iddia olunan qanun pozuntusunu təsdiq edəcək şahidlərin iştirakını təmin etməli olduğu halda 4 tağım Yol Patrul Xidməti inspektoru polis serjantı X2 şahidlərin iştirakını təmin etməmiş, protokol heç bir əsas olmadan tərtib edilmişdir. Hesab edir ki, protokolun tərtib edilməsinə hər hansı qanuni əsasın olmasını sübut etmək vəzifəsi protokolu tərtib etmiş şəxs 4 tağım Yol Patrul Xidməti inspektoru polis serjantı X1 üzərinə düşür. Protokolun tərtib edilməsinə hər hansı qanuni əsasın olmasını sübut edilməməsi isə inzibati xəta hadisəsinin olmamasını ehtimal edir. Göründüyü kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə heç bir sübutun olmamasına baxmayaraq, 4 tağım Yol Patrul Xidməti inspektoru polis serjantı X2 barəmdə qanunsuz olaraq protokol tərtib etmiş və barəsində qanunsuz olaraq qərar qəbul edilmişdir. Ona görə də, Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımının 15 iyul 2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımı, şikayət vermiş X5 və onun vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımının yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 60 (altmış) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımının 15 iyul 2023– cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini həmin maddədə nəzərdə tutulan inzibati xətaya yol vermədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi Yol Patrul Xidməti əməkdaşının üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımı tərəfindən isə 15 iyul 2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. X3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin məzmunundan da göründüyü kimi inzibati xəta hadisəsinin fotosu və videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq X3 törətdiyi qeyd edilən inzibati xəta hadisəsinin fotosu və ya videoyazısı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəlləin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmədiyindən, hazırki iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından X3 barəsində qəbul edilən 15 iyul 2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. X3 qeyd edilən inzibati xətanı törədib-tərətməməsi məsələsi dəqiq müəyyən edilməli olduğundan onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə qanunvericiliyin tələblərinə istinad edilməklə qərar qəbul edilməsi üçün inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımının 15 iyul 2023–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV tağımına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar