Məhkəmə qərarları › İş №3(037)-519/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-519/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-519/2023 25.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən, İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs barəsində İsmayıllı rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən e t d i m: 28 may 2023-cü il tarixdə saat 12:00 radələrində İsmayıllı rayonu Qalınçaq kəndi yolunda Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi X1 məxsus “VAZ-21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 24 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək 25 oktyabr 2023-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə qəbul edilmiş 24 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda xəta nəticəsində maddi zərərin yetirilməsi halları ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Həmçinin Şəxs sürücülük hüququnun olub-olmaması ilə bağlı heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin tələbindən göründüyü kimi inzibati xəta üzrə zərərçəkmiş şəxs olmalıdır. Lakin “VAZ-21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı və “VAZ 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan dəyməsi və “VAZ 21063” markalı ** BH *** dövlət qeydiyyat nişanlə avtomobilin hansı şəxsin mülkiyyətində olması ilə bağlı heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinin tələbinə görə, inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 103.2-ci maddəsinin tələbinə görə, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinin əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. İXM-in 332.4-cü maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbirinin nəzərdə tutulmasına baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarına zidd olaraq inzibati xəta törətmiş şəxsin iştirakı məhkəmədə təmin edilmədən material məhkəməyə təqdim edilmişdir. Həmçinin İsmayıllı rayon prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 24 oktyabr 2023-cü il tarixli qərar həmin gün baxılması üçün məhkəməyə göndərilməli olduğu halda, qərar bir gün sonra yəni, 25 oktyabr 2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə qəbul edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Prokurorluğuna qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar