Məhkəmə qərarları › İş №3(037)-521/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-521/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-521/2024 05.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, X3 İsmayıllı rayon X9 X10 09 noyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 onun barəsində İXM-nin 329.3 və 333.1-ci maddələri ilə İsmayıllı rayon X9 X10 09 noyabr 2024-cü il tarixli TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, atasına məxsus “VAZ-2121” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Özü "xxxx" ASC-də montyor işləyir. 08 noyabr 2024-cü il tarixdə yaşadığı kənddə "xxxx" ASC-nin qəza xidmətini dəvət etmişdir. Həmin vaxt axşam saatlarında Uştal kəndi yolunda avtomobildə əyləşib qəza xidmətinin əməkdaşlarının gəlməsini gözləyirmiş. Bu zaman əks istiqamətdə avtomobilin gəldiyi görüb həmin avtomobilin işıq idarəsinin işçilərinin olduğunu düşünüb onlara uzaq vuran işıqla xəbər etmək istəmişdir. Bu zaman yol patrul xidməti əməkdaşları dönərək onun avtomobilinə tərəf gəlmişlər. Polis əməkdaşları işıqdan istifadə etdiyi üçün ona irad bildirərək və sərxoş olub-olmadığını soruşmuşlar. O sərxoş olmadığını bildirsə də, alkotestr vasitəsi ilə müayinə olunmasını tələb etdilər. Buna etiraz etdikdə onu rayon polis şöbəsinə aparmaq istəmişlər. Yenidən etiraz edərək sərxoş olmadığını, avtomobil idarə etmədiyi halda hansı əsasla ona yaxınlaşdıqlarını bildirsə də, buna məhəl qoymayaraq əraziyə post patrul xidməti əməkdaşlarını dəvət etmişlər. Post patrul xidməti əməkdaşları gəldikdən sonra Cavid adlı yol patrul xidməti əməkdaşı qolundan buraraq və ayağından təpiklə vuraraq onu avtomobilə əyləşdirmişdir. Həmin vaxt qolu şişmiş və xəsarət almışdır. Bununla bağlı rayon prokurorluğuna şikayət etmişdir. Polis şöbəsində olarkən sərxoşluq vəziyyətinin müəyyən olunması üçün həkim dəvət olunmuşdur. Həkim gəldikdən sonra müayinənin kamera qarşısında aparılmasını tələb etmiş və kamera qarşısında müayinə olunarkən sərxoş vəziyyətdə olmadığı müəyyən edilmişdir. Bundan sonra şöbədən çıxıb getmək istəyərkən onu geri çağıraraq narkotestrdən keçmək üçün Göyçay şəhərinə getməyi bildirdikdə buna heç bir etiraz etməmişdir. Göyçay şəhərində yenidən həkim müayinəsindən keçirilmiş və ona sərxoş olması barədə heç nə deyilməmişdir. Bununla bağlı sənəd tələb etdikdə sənədin sabağa hazır olacağın bildirmişlər. Buna etiraz etsə də, mənə heç bir sənəd təqdim edilməmişdir. Həmin gecə rayona qayıtmış və ona avtomobili qaytarılmamışdır. İki gün sonra avtomobilini götürməyə gedərkən, onun həmin gün sərxoş vəziyyətdə olmasını bildirərək protokol tərtib olunacağını bildirmişlər. Avtomobili ona verilməmiş və bununla bağlı həmin vaxt ondan rüşvət də tələb olunmuşdur. (bununla bağlı da, rayon prokurorluğuna məlumat vermişdir) Yenidən sərxoş vəziyyətdə olması barədə sənəd tələb etdikdə həmin sənəd ona təqdim edilməmişdir. Qeyd olunan protokol və qərardan narazıdır. Belə ki, həmin vaxt sərxoş vəziyyətdə olmamış və avtomobili idarə etməmişdir. Buna baxmayaraq polis əməkdaşı qərəzli olaraq barəsində qərar qəbul etmişdir. Nə protokolun, nə də qərarın surəti ona təqdim olunmamışdır. Qərarın surətini 21 noyabr 2024-cü il tarixdə polis şöbəsindən əldə etmişdir. Bundan başqa həmin tarixdə polis şöbəsinə ərizə ilə müraciət edərək alkotestr vasitəsilə müayinədən keçirilərkən video görüntü və alkotestrin nəticələrinə dair sənədin verilməsini xahiş etsə də, hələ də ərizəsinə cavab verilməmişdir. Beləliklə də, inzibati tənbeh tədbiri icra edən inzibati orqan qanunvericiliyin tələblərini pozmaqla barəsində inzibati protokol tərtib etmiş, həmin protokol əsasında inzibati qaydada icraat başlayaraq əsassız olaraq inzibati cərimə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1 –ci maddələri ilə təqsirli bilinməsi barədə İsmayıllı rayon X9 X10 09 noyabr 2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən İsmayıllı rayon X9 X12 və qərardan şikayət vermis X4 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına İsmayıllı rayon X9 X10 nümayəndəsi gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. X5 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı və digər iş materiallarını araşdırıb hesab edir ki, X3 şikayəti təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 09 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş 09 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh tədbiri təyin edilmişdir. X1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 443 nömrəli “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərcəsinin” tibbi müayinə aktından görünür ki, X5 09 noyabr 2024-cü il tarixdə saat 23:30-da tibbi müayinədən keçmiş və onun spirtli içki qəbul etmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaların”ın 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəqliyyat vasitəsini idarə edən şəxsin nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstündə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin Qaydalann 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina edildikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar biruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi qərarı qəbul etmiş İsmayıllı rayon Polis Şöbəsinin polis kapitanı X8 işin faktiki hallarını araşdırmamış, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 443 nömrəli “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərcəsinin” tibbi müayinə aktında X2 içki qəbul etməmiş qeyd edilməsi barədə ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə sübutların təqdim edilməsi təklif edilmişdir, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə video görüntü İsmayıllı RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuşdur. Daxil olmuş video görüntüyü baxış keçirərkən Niyaməddin Xudoyevin avtomobili sərxoş vəziyyətdə idarə etməsi və onun həmin vaxt sərxoş vəziyyətdə olmasını müəyyən etmək mümkün olmamışdır. X3 hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk növbədə subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə təsdiq edilir. Odur ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutları qarşılıqlı müqayisəli şəkildə təhlil eədərk hesab edir ki, X3 hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkib əlamətlərinin olması iş materialları sübuta yetirilmir, qərar qəbul etmiş orqan tərəfindən isə məhkəməyə buna dair mötəbər sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş 09 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata hissəvi xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı X3 hərəkətlərindən İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, bu hissədə məhkəməyə nə şikayətçi, nədə qərarı qəbul etmiş orqan tərəfindən sübut təqdim edilməmişdir. Belə olan halda isə həmin hissədə qanuni və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət təmin edilməli, X3 barəsində İsmayıllı RPŞ-nin polis kapitanı X8 tərəfindən qəbul edilmiş 09 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində İsmayıllı RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş 400 (dörd yüz ) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində İsmayıllı RPŞ-nin polis kapitanı X8 tərəfindən qəbul edilmiş 09 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində İsmayıllı RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qəbul edilmiş 09 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş 400 (dörd yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar