Məhkəmə qərarları › İş №3(037)-529/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-529/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-529/2023 30.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin stajor icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx xxxxx 1975-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 30 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(037)-19/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 14 avqust 2018-ci il tarixdən başlayaraq 17 yanvar 2007-ci il təvəllüdlü X3 və 17 yanvar 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq Abdulova (Sarıyeva) Leyla Qərib qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 7800 (yeddi min səkkiz yüz) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə 30 oktyabr 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Stajor icra məmuru Paşa Paşazadə izahat verərək göstərdi ki, Şəxs hazırki günədək ödədiyi məbləğlər hesablanmış və onun bugünə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində aliment borcunun olduğu müəyyən edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Sarıyeva (Abdulova) Leyla Qərib qızı hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun hazırda 7800 (yeddi min səkkiz yüz) aliment borcu vardır. Heç yerdə işləmir ona görə də, borcundan ödəniş edə bilməmişdir. Bundan başqa 3 ildir uşaqlarının onunla görüşməsinə anaları imkan vermir. Buna baxmayaraq ötən müddət ərzində maddi imkanı daxilində ödənişlər etmişdir. Hazırda qardaşının köməkliyi ilə aliment borcundan 2000 (iki min) manatını tələbkara ödəmişdir. Qalan borcundan hər ay ödənişlər edəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 30 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 7800 (yeddi min səkkiz yüz) manat məbləğində aliment borcu vardır. 30 oktyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 2000 (iki min) manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(037)-19/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 14 avqust 2018-ci il tarixdən başlayaraq 17 yanvar 2007-ci il təvəllüdlü X3 və 17 yanvar 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq Abdulova (Sarıyeva) Leyla Qərib qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun tələbkar Zərərçəkmiş şəxs (Abdulova) 7800 (yeddi min səkkiz yüz) manat borcunun olduğu qeyd edilmişdir. Şəxs iş məhkəmənin icraatında olduğu müddətdə borcundan 2000 (iki min) manatını tələbkara ödəmiş və 5800 (beş min səkkiz yüz) manat borcu qalmışdır. Şəxs məhkəmə iclasında qalan borcundan hər ay ödəniş edəcəyini vəd etmişdir. Göründüyü kimi Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmır. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar