Məhkəmə qərarları › İş №3(037)-542/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-542/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-542/2024 20.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Qərardan şikayət vermiş X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 26 oktyabr 2024-cü il tarixli EQ 24358382 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 26 oktyabr 2024-cü il tarixli EQ 24358382 nömrəli qərarından şikayətlə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. X4 qeyd olunan qərardan şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(005)-3767/2024 saylı qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, “X7 1843 LS” yük markalı, ** HZ *** qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə Quba şəhərindən Ələt stansiyasına daşımaq üçün yük qəbul etmiş və sənədlər üzrə yükün miqdarı normaya uyğun olmuşdur. Marşurutu qət edərkən üç yerdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin istifadəsində olan Qəndab, Giləzi və Qaradağ postu tərəzi qapandan keçmişdir. 1-ci və 3-cü tərəzilərdə çəkilər müvafiq göstəricilərə uyğun olmuş, lakin M-1- 65.1 km Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olarkən tərəzi-qapan səhv olaraq onun avtomobilinin yükünü 42060 kq göstərmişdir. Halbuki, həmin qapantərəzinin nasaz olması və standartlara uyğun olmadığı müəyyən olunmuşdur. Həmin ərəfədə Giləzidəki tərəzi-qapandan keçərkən orada təmir işlərinin aparıldığını şahidi olmuş və videoyada çəkmişdir. Buna baxmayaraq o, 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qanunsuz və əsassız hesab edir. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 26 oktyabr 2024-cü il tarixli EQ 24358382 saylı qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Baxmayaraq ki, qanunvericiliyin tələbinə görə sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 26 oktyabr 2024-cü il tarixli EQ 24358382 nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən qəbul edilmiş inzibati xəta haqqında EQ 24358382 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarda qeyd edilir ki, X4 26 oktyabr 2024-cü il tarixdə saat 07:52-də Xızı rayonu Giləzi kəndi, Bakı istiqamətində “X7 1843 LS” yük markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklü birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydasını pozmuşdur. X4 Azərbaycan Respublikası İXMnin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X1 tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüdən görünür ki, Xızı rayonu Giləzi kəndi ərazisində yerləşən electron tərəzidə təmir işləri aparılmışdır. Beləliklə, məhkəmə baxışında müəyyən olundu ki, X3 26 oktyabr 2024-cü il tarixdə EQ 24358382 nömrəli qərarla o, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir ona görə ki, idarə etdiyi “X7 1843 LS” yük markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklü birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydasını pozmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 125.4-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. İnzibati xəta haqqında qərardan şikayət vermiş X2 məhkəmə iclasında verdliyi izahatından belə məlum olur ki, inzibati qərarın tərtib edilməsinə əsas olan yol hərəkəti qaydalarının pozulması ilə bağlı qayda pozuntusunu təsdiqləyən sübutlar “smsradar” mobil tətbiqində göstərilməmişdir. Həmçinin qərar qanunla müəyyən edilmiş qaydada ona çatdırılmamış, onun barəsində qərar qəbul edilərəkən ona məlumat verilməmiş və onun iştirakı ilə araşdırılmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğu və inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat verməli halda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat vermədən onun barəsində qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırmaq mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Bundan başqa Faiz Həsrətovun məhkəməyə təqdim etdiyi video görüntüdən görünür ki, qeyd olunan elektron tərəzidə həmin vaxt təmir işləri aparılmışdır. X2 hərəkətlərində İXM-nin 353.2-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk növbədə subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə təsdiq edilir. Odur ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutları qarşılıqlı müqayisəli şəkildə təhlil edərək hesab edir ki, X2 hərəkətlərində İXM-nin 353.1-ci maddəsinin tərkib əlamətlərinin olması iş materialları sübuta yetirilmir, qərar qəbul etmiş orqan tərəfindən isə məhkəməyə buna dair mötəbər sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş 26 oktyabr 2024-cü il tarixli EQ 24358382 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, başlanmış icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı X2 hərəkətlərindən İXM-nin 353.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, bu hissədə məhkəməyə qərarı qəbul etmiş orqan tərəfindən sübut təqdim edilməmişdir. Belə olan halda isə qanuni və obyektiv qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 26 oktyabr 2024-cü il tarixli EQ 24358382 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, başlanmış icraata xitam verilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 600 (altı yüz ) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 26 oktyabr 2024-cü il tarixli EQ 24358382 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qəbul edilmiş 26 oktyabr 2024-cü il tarixli EQ 24358382nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 600 (altı yüz) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar