Məhkəmə qərarları › İş №3(037)-565/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-565/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-565/2023 05.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 05 dekabr 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 oktyabr 2023-cü il tarixli 6-1-26/2-8036/2023 saylı göstərişi ilə tələb edilən məlumatı təqdim etməməsi faktı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində 31 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı və Şəxs QSC-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankın və Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən Şəxs QSC-ya ünvanlanmış 16 oktyabr 2023-cü il tarixli 6-1-26/2-8036/2023 saylı məktubdan görünür ki, Şəxs QSC-dan 2021-ci ilin nəticələrinə dair illik hesabatı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş edilmişdir. EP № ******* saylı 31 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC (VÖEN:**********) Mərkəzi Bankın 16 oktyabr 2023-cü il tarixli 6-1-26/2-8036/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2021ci ilin nəticələrinə dair illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs QSC (VÖEN:**********) Mərkəzi Bankın 16 oktyabr 2023-cü il tarixli 6-1-26/2-8036/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2021ci ilin nəticələrinə dair illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməli olduğu halda bunu etməmişdir. Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Şəxs QSC-nin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməməsi Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs QSC Mərkəzi Bankın rəsmi məktubu ilə tələb edilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2, 106-1.3.8-4, 106-2.3 və 107-6.3-cü maddələrində nəzərdə tutulmuş sənədləri, yəni cəmiyyətin 2021-ci ilə dair emitentin illik hesabatını göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla QSC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs QSC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar