Məhkəmə qərarları › İş №3(037)-569/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-569/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-569/2023 11.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin stajor icra məmuru X2, Zərərçəkmiş xxxxn nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, İİ qrup əlil olmaqla sosial müavinət alan, İsmayıllı şəhəri, R.Hacıyev küçəsi, ev 10-da yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 11 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya Şöbəsi (icra məmuru Rahim Mustafayev) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-299/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Şəxs və onunla birlikdə yaşayan ailə üzvü X3 tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onlar həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Lakin xəbərdarlıqlara baxmayaraq Şəxs fərdi yaşayış evindən müxtəlif bəhanələrlə çıxmaqdan imtina edir. Bununla da icra məmuru hesab etmişdir ki, borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib etmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin stajor icra məmuru Paşa Paşazadə məhkəməyə verdiyi izahatında bildirdi ki, 28 noyabr 2023-cü il tarixdə qətnamənin icrası ilə əlaqədar qeyd olunan fərdi yaşayış evində olmuşlar. Həmin vaxt Şəxs evdən çıxarılması tələb olunsa da, o buna müxtəlif bəhanələrlə etiraz etmişdir. Belə ki, Şəxs evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirmişdir. Bundan sonra onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, icra vərəqəsində onun və həyat yoldaşının evdən çıxarılması qeyd olunmuşdur. Çünki bankla müqavilə bağlayarkən yalnız evdə qeydiyyatda olan şəxslərin razılığı alınmışdır. Həmçinin müqavilə bağlanarkən torpaq sahəsini girova qoyulmamışdır. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. 28 noyabr 2023-cü il tarixdə icra məmuru onun yaşadığı evə gələrkən evdə olmamış öz mülkiyyəti olan torpaq sahəsində olmuşdur. Lakin evdə uşaqları olmuşdur. Evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində olduğu üçün bununla bağlı mübahisə olmuşdur. Bununla bağlı həmin tarixdə İcra və Probasiya şöbəsindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məktub ünvanlanaraq qeyd olunan torpaq sahəsinin texniki ölçülərinin, koordinatlarının dəqiqləşdirilməsi üçün xx.xx.2023-cü il tarixində nümayəndənin təkrar göndərilməsi xahiş olunmuşdur. Həmin tarixdə nümayəndənin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və mübahisə olduğu üçün araşdırmanın təxirə salınmışdır. Buna baxmayaraq icra məmuru 28 noyabr 2023-cü il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, qətnamənin icrasından boyun qaçırmır və evdən çıxmağa razıdır. Lakin həmin evdə uşaqları yaşayır və evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Əlavə olaraq bildirir ki, bankla aralarında şifahi razılıq olmuşdur və yaxın günlərdə ödəniş edərək evin geri qaytarılması ilə bağlı müvafiq hərəkətlər edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş xxxxn nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, onların tələbi evin boşaldılması olmuşdur. Şəxs qətnamənin icrasından boyun qaçırır. Səbəb olaraq Şəxs həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olması olmuşdur. Bununla bağlı 08 dekabr 2023-cü il tarixdə reyestr xidmətinin nümayəndəsi dəvət olunmuş və həmin tarixdə nümayəndə mübahisə olduğunu, araşdırma aparıldıqdan sonra məlumat verilməsi bildirilmişdir. Girov götürülən zaman qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bu səbəbdən müqavilə bağlanarkən torpaq sahəsi girov olaraq götürülməmişdir. Sonradan torpaq sahəsini Şəxs özəlləşdirdiyini bildirmişdir. Bir neçə gün öncə Şəxs bankla ödənişin edilməsi ilə bağlı şifahi müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 06 noyabr 2023-cü il tarixli, 45- 2003/2023 saylı məktubundan görünür ki, icra vərəqəsi üzrə işin təyinatı xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuş və bu barədə tərəflərə məlumat verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 28 noyabr 2023-cü il tarixli, 45- 2105/2023 saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlandığı məktubundan görünür ki, İsmayıllı şəhəri, R.Hacıyev küçəsi ev 10 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin tələbkara aid hissəsinin dəqiqləşməyə zəruri ehtiyacı yaranmış və qeyd olunan torpaq sahəsinin texniki ölçülərin, koordinatlarının dəqiqləşdirilməsi üçün xx.xx.2023-cü il tarixində saat 14:30-a nümayəndənin təkrar göndərilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin Şəxs verdiyi 26 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, İsmayıllı rayon inzibati ərazi vahidi üzrə onun 8 nəfər ilə birlikdə mülkiyyətində olan İsmayıllı şəhərində 0,12 ha həyətyanı (JN-306 F kod-********) torpaq sahəsi vardır. 28 noyabr 2023-cü il tarixli aktdan görünür ki, qeyd olunan icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru İsmayıllı şəhəri, R.Hacıyev küçəsi, ev 10 ünvanında olmuş Şəxs müxtəlif bəhanələr gətirərək qeyd olunan evdən çıxmamış və icra tədbirləri təxirə salınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru 28 noyabr 2023-cü il tarixdə qeyd olunan fərdi yaşayış evində olmuşdur. Lakin həmin tarixdə torpaq sahəsi ilə bağlı mübahisə olmuş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin tələbkara aid hissəsinin dəqiqləşməyə zəruri ehtiyacı yarandığını və qeyd olunan torpaq sahəsinin texniki ölçülərin, koordinatlarının dəqiqləşdirilməsi üçün nümayəndə göndərilməsi xahiş edilmiş və icra tədbirləri təxirə salınaraq xx.xx.2023-cü il tarixində saat 14:30-a təyin olunmuşdur. Buna baxmayaraq icra məmuru mütəxəssis cəlb etmədən və zəruri icra tədbirləri həyata keçirmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Şəxs məhkəmə iclasında icra vərəqəsinin icrasından boyun qaçırmadığını və evdən çıxmağa razı olduğunu, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ona məxsus olmaqla, tələbkarla müəyyən razılıq əldə olunması üçün danışıqlar apardığını bildirmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar