Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-65/2025 24.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1996-cı il tarixdə İsmayıllı rayonu Uştalqışlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 24 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 07 fevral 2025-ci il tarixdə saat 17:00 radələrində “Mitsubishi L200” markalı ** ME *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Şamaxı-Yevlax magistral yolunun 237-ci km-də dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə idarə etməsi faktı üzrə barəsində Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV taqımının yol patrul xidməti inspektoru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş 07 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı bağlı olduğu yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin nömrəni o bağlamamışdır. Belə ki, avtomobili servisə satmaq üçün aparmış və orada olan işçi avtomobilin nömrə nişanını bağlayaraq foto şəkillər çəkmişdir. B barədə onda video görüntülər də vardır. Sonradan ona gözləməsini və axşam saatlarında qiyməti deyəcəklərini bildirmişlər. Lakin o, orada gözləməmiş və rayona qayıtmışdır. Həmin vaxt avtomobilin qabaq qapısının yanında olmuş və avtomobili tərk etməmişdir. Ona görə də, nömrənin bağlanmasından xəbərsiz olmuşdur. Avtomobilin texniki baxışının müddəti iki ay əvvəl bitmişdir. Qarabağ ərazisində işlədiyi üçün avtomobili texniki baxışdan keçirə bilməmişdir. Bundan başqa texniki baxış olmadığı üçün 10-11 gün əvvəl inzibati qaydada cərimə edilmişdir. Qanunda qeyd olunduğu kimi nömrə nişanını qəsdən bağlamamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının İV taqımına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmişdir və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İş materiallarına əlavə edilmiş DVD-R diskində olan görüntülərə baxılarkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “Mitsubishi L200” markalı ** ME *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə idarə etmişdir. Şəxs təqdim etdiyi video görüntüyə məhkəmə iclasında baxılaraq, onun həmin xətanı törətməməsi barədə hər hansı hal aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 07 fevral 2025-ci il tarixdə saat 17:00 radələrində “Mitsubishi L200” markalı 77 ME 71 dövlət qeydiyyat nişanlı minik avtomobilini dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə idarə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini, inzibati xətanın bilavasitə obyekti olmuş, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirən örtüyün müsadirə edilməsini qanuna müvafiq hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirmək üçün istifadə etdiyi örtüyün hər hansı dəyəri olmadığından, həmin örtüyün müsadirə edilməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-65/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-65/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver