Məhkəmə qərarları › İş №3(037)-66/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-66/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-66/2023 23.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mustafayev Rahim Seyfəddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Ağsu rayonu Külüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Xəlilli kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2 (008) - 2046/ 2019 saylı icra vərəqəsinə əsasən 18 yanvar 2019-cu il tarixdən Şəxs 28 iyul 2018-ci ildə doğulmuş Hümbətli Rüqəyya Amid qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Səxavət Səfərov həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 960 (doqquz yüz altmış) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə 10 fevral 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 960 (doqquz yüz altmış) manat aliment borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Şəxs ötən müddət ərzində təyin olunmuş aliment məbləğindən hər ay ödənişlər etsə də, 6 ayın aliment borcunu ödəməmiş və bu da tələbkarın haqlı şikayətinə səbəb olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Quliyeva (hümbətli) Pərvanə Ramiz qızına lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 2019-cu ildən aliment məbləği təyin olunmuş və vaxtdan sonra aliment məbləğini tam şəkildə ödəmişdir. Yalnız 2022-ci ilin sentyabr ayında böyrəyində narahatlıq olmuş və heç yerdə işləməmişdir. Həmçinin atası xəstələnmiş və onun müalicəsi üçün xeyli vəsait tələb olunmuşdur. Bu səbəbdən 6 ayın aliment borcunu ödəməmişdir. Hazırda usta işləyir və 2023-cü ilin mart ayının 1-2 tarixinədək 300 (üç yüz) manat, aprel ayının sonunadək isə borcunu tam şəkildə ödəyəcəyini öhdəsinə götürür. O təyin olunmuş aliment məbləğinin ödənilməsindən yayınmır. Ötən 4 ilə yaxın müddətdə hər ay vaxtında ödənişlərini etmişdir. Bundan sonra borcundan əlavə hər ay vaxtında ödənişlərini edəcəkdir. Əgər təyin olunmuş aliment məbləğindən də artıq ödənişlər etməyəcəyi təqdirdə qanuna müvafiq qaydada cəza almasına etiraz etməyəcək. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 10 fevral 2023-cü il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 960 (doqquz yüz altmış) manat məbləğində aliment borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2 (008) - 2046/ 2019 saylı icra vərəqəsinə əsasən 18 yanvar 2019-cu il tarixdən Şəxs 28 iyul 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Amid Hümbətli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs hazırda 960 (doqquz yüz altmış) manat aliment borcu vardır. Şəxs məhkəmə iclasında yeni iş yeri tapdığını və bundan sonra hər ay təyin olunmuş aliment məbləğindən də artıq ödəniş edərək yaranmış borcun aradan qaldıracağını vəd etmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Şəxs göründüyü kimi aliment məbləği təyin olunduqdan sonra hər ay təyin olunmuş aliment məbləğinin ödənilməsini təmin etmişdir. Son 6 ayın aliment borcuna görə onun inzibati məsuliyyətə cəlb olunması icra vərəqəsinin icrasını təmin etməsində çətinlik yaradacaqdır. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar