Məhkəmə qərarları › İş №3(037)-71/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-71/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-71/2021 25.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 511.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhəri H.Əliyev prospektində idarə etdiyi “VAZ 21065” markalı ** BG *** dövlət qeydiyyat nömrəli avtomobili nəqliyyat vasitələrinin istismar qaydalarını pozması və həmin avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin polis serjantı X3 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə Şəxs idarə etdiyi “VAZ 21065” markalı ** BG *** dövlət qeydiyyat nömrəli avtomobili İsmayıllı şəhəri H.Əliyev prospektində təhlükəsizlik kəməri bağlamadan idarə etdiyi üçün saxlanılmışdır. Avtomobil saxlanılan zaman avtomobildə konstruksiya dəyişikliyi aşkar olunduğu üçün sürücü Şəxs avtomobilin mühafizə olunan duracağa təmin edilməsi tələb olunmuşdur. Lakin sürücü tabesizlik göstərərək avtomobili hərəkətə gətirib həmin ərazidən uzaqlaşmışdır. Polis əməkdaşları həmin avtomobili müşayiət edərək sürücüyə dəfələrlə saxla işarəsi vermişdir. Sürücü avtomaşını yüksək sürətlə idarə edərək, işıqforun qırmızı işığında hərəkətini davam etdirərək, ictimai qaydanı, əhalinin dincliyini və yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmuşdur. Sürücü ərazidən uzaqlaşmış və xx xxxxxx 2021-ci il tarixədək onun polis şöbəsinə gətirilməsi mümkün olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı şəhər ərazisində ət satışı ilə məşğuldur. xx xxxxxx 2021-ci il tarixdə saat 17:00 radələrində uşağını məktəbdən götürmək üçün idarə etdiyi “VAZ 21065” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yola düşmüşdür. İsmayıllı şəhəri, H.Əliyev prospektində saatda 40-50 km sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə gedən yol patrul xidməti avtomobilini ötmə əməliyyatı aparmışdır. Bir qədər getdikdən sonra yol patrul xidməti əməkdaşları ona saxla işarəsi vermiş və o, avtomobili yolun kənarında saxlamışdır. Yol patrul xidməti əməkdaşı avtomobilə yaxınlaşmış və özünü təqdim etmədən şöbəyə təzə rəis gəldiyini və onu görmək üçün avtomobilin şöbəyə getməli olduğunu bildirmişdir. O, heç bir xəta törətmədiyini və nə üçün şöbəyə getməli olduğunu polis əməkdaşından soruşmuşdur. Polis əməkdaşı yenidən onu şöbəyə dəvət etmişdir. O, uşağının dərsdən çıxdığını və soyuqda qaldığını bildirərək uşağı aparıb evə qoyduqdan sonra şöbəyə gələcəyini bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı onun avtomobilinə əyləşmək istəmişdir. Buna etiraz edərək avtomobili idarə edərək həmin ərazidən uzaqlaşmışdır. Polis əməkdaşları onu bir qədər müşayiət etmiş və avtomobili yaşadığı evə sürmüşdür. Həmin vaxt H.Əliyev prospektində işıqforun yaşıl işığında hərəkətini davam etdirmiş və heç bir avtoxuliqanlıq hərəkətləri etməmişdir. Polis əməkdaşları iddia edir ki onun avtomobilində konstruksiya dəyişikliyi olmuşdur. Lakin avtomobilində heç bir konstruksiya dəyişikliyi etməmiş, avtomobilini yeni təmirdən çıxardığı üçün qabaq hissəsi bir qədər yuxarıda olmuşdur. O, heç bir inzibati xəta törətməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və inzibati məsuliyyətindən azad olunmaq niyyəti güdür. Şəxs ifadəsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər, avtoxuliqanlıq hərəkətlərini əks etdirən video görüntü, iş üzrə şahid qismində dindirilmiş Şükür Sadullayevin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Belə ki, şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti baş inspektoru X2 göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 17 radələrində yol patrul xidməti inspektoru Pünhan Mahmudovla birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “VAZ 21065” markalı ** BG *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün ona saxla işarəsi verildi. Sürücü avtomobili saxladıqdan sonra Pünhan Mahmudov avtomobilə yaxınlaşmış və özünü təqdim edərək sürücüdən avtomobilə aid sənədləri təqdim etməsini tələb etmişdir. Lakin sürücü sənədləri təqdim etməkdən imtina etmişdir. Həmin vaxt avtomobilin konstruksiyasında dəyişiklik olduğu aşkar edildi və sürücüyə avtomobilin mühafizə olunan duracağa təmin edilməli olduğu bildirildi. Bu zaman sürücü avtomobili hərəkətə gətirərək həmin ərazidən uzaqlaşdı. Onlar xidmət etdikləri avtomobillə həmin avtomobili müşayiət edərək dəfələrlə saxla işarəsi vermişlər. Sürücü avtomaşını yüksək sürətlə idarə edərək, işıqforun qırmızı işığında hərəkətini davam etdirərək, ictimai qaydanı, əhalinin dincliyini və yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmuşdur. Sürücü ərazidən uzaqlaşmış və xx xxxxxx 2021-ci il tarixədək onun polis şöbəsinə gətirilməsi mümkün olmamışdır. Portal məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs AF 206978 nömrəli BC kateqoriyalı sürücülük hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının İsmayıllı rayon Qəbul Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, **********0 saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 342.2-342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 17 radələrində İsmayıllı şəhəri ərazisində “VAZ 21065” markalı ** BG *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin və şahidin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətində inzibati həbs edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan xx xxxxxx 2021-ci il tarixdən saat 15:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan xx xxxxxx 2021-ci il tarixdə saat 15:30dan hesablansın. İnzibati həbs müddəti xx xxxx 2021-ci il tarixdə saat 15:30-da başa çatmış hesab edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar