Məhkəmə qərarları › İş №3(037)-72/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-72/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-72/2025 21.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2, Qərarından şikayət verilən İsmayıllı rayon X6 X10 inspektoru polis serjantı X1 iştirakı ilə, X2 İsmayıllı rayon X6 X10 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə 21 fevral 2025-ci il tarixdə, İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X4 məhkəməyə müraciət edərək İsmayıllı rayon X6 X10 polis kapitanı X5 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X4 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli qərarından məhkəməyə şikayət etmiş və məhkəmənin qərarı ilə qeyd olunan qərar ləğv edilərək yenidən baxılması üçün geri qaytarılmışdır. Lakin İsmayıllı rayon Polis Şöbəsinin DYPB-si tərəfindən yenidən eyni qərar qəbul edilərək tənbeh olunmuşdur. Hazırda həmn qərardan narazıdır və qərar qanunsuz qəbul edilmişdir. Belə ki, qeyd olunan tarixdə idarə etdiyi avtomobillə svetoforun yaşıl işığında hərəkətə başlayan zaman qarşıdan əks istiqamətdə gələn avtomobilə yol vermiş və digər yol patrul xidməti avtomobili ilə ara məsafəsi olduğundan həmin avtomobili gözləmədən sola manevr etmişdir. Bu zaman yol patrul xidməti əməkdaşı ona saxla işarəsi vermiş və avtomobili yolun kənarında saxlamışdır. Törətdiyi xəta video görüntü ilə müəyyən edilmişdirsə yol patrul xidməti əməkdaşı onu saxlamalı deyildir. Həmin xətanı törətsə də, yol patrul xidməti əməkdaşı da qanunları pozmuşdur. Ona görə də, qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən İsmayıllı rayon X6 X10 inspektoru polis serjantı X3 izahat verərək göstərdi ki, X8 Qanun 75-ci maddəsinin 3-cü bəndinə əsasən Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Həmin Qanunun 76-cı maddəsinin 1-ci bəndinə əsasən nizamlanan yol ayrıcında sürücü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Sürücü həmin tələbləri pozduğu üçün tərəfindən saxlanılmış və AR İXM-nin 327.2-ci maddəsi ilə barəsində protokol tərtib edilmiş və o, 100 (bir yüz) manat məbləğində cərimə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(037)-480/2024 saylı qərarından görünür ki, X2 İsmayıllı RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət qismən təmin edilərək qərar ləğv edilmiş və yenidən baxılması üçün İsmayıllı RPŞ-nin DYPB-nə qaytarılmışdır. 29 yanvar 2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X4 22 oktyabr 2024-cü il tarixdə idarə etdiyi ** HE *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. DVD-R diskində olan görüntülərə məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, X4 22 oktyabr 2024-cü il tarixdə idarə etdiyi ** HE *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə İsmayıllı rayonu ərazisində svetoforun yaşıl işığında sola dönərkən, qarşıdan sağa gedən nəqliyyat vasitəsinə yol verməmişdir. Göründüyü kimi həmin yolda yol nişanlarının tələblərini pozaraq manevr qaydalarının pozulmasına səbəb olan qayda pozuntusu törətmişdir. Belə ki, X8 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 76-cı maddəsinin 1-ci bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X4 22 oktyabr 2024-cü il tarixdə idarə etdiyi ** HE *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə İsmayıllı şəhəri ərazisində yol nişanlarının tələblərini pozaraq svetoforun yaşıl işığında sola dönərkən, qarşıdan sağa gedən nəqliyyat vasitələrinə yol verməmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göründüyü kimi şikayətçi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. X4 məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakteri daşıyır və işin həqiqi hallarını əks etdirmir Ona görə də, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, İsmayıllı rayon X6 X10 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İsmayıllı rayon X6 X10 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar