Məhkəmə qərarları › İş №3(037)-73/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-73/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-73/2021 04.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər- İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, İsmayıllı Rayon Prokurorluğunun böyük köməkçisi X19, İsmayıllı RPŞ-nin İTB-nin sahə rəisi X13, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil, Zərərçəkmiş şəxslər X14, X23, X20, X9, X15 iştirakları ilə xx xxxxxx 1978-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, İsmayıllı şəhəri, Məhsəti küçəsi, ev 20-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi, 12 saylı kommunal evin 13 saylı mənzilində yaşayan, evli, ali təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 399, 227-ci (beş epizod üzrə ayrı-ayrılıqda) maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 04 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(037)–389/2020 saylı qətnaməsinə əsasən 580 manat borcun Zərərçəkmiş şəxs2, həmin məhkəmənin 03.02.2020-ci il tarixli, 2(037)-54/2020 saylı qətnaməsinə əsasən isə 1531 manat borcun Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmiş, borclu həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkarlara ödənilməli olan ümumilikdə 2331 (iki min üç yüz otuz bir) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 22 fevral 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Eyni zamanda Şəxs 2021-ci ilin yanvar ayının 1-dən 20-nə dək olan müddət ərzində X7 özünü vəkil kimi təqdim edərək, torpağa dair çıxarış verilməsində ona köməklik edəcəyini vəd edərək ondan ümumilikdə 190 manat məbləğində pul alaraq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunması inzibati xətanı törətmiş və Azərbaycan Respublikasının İXM-nin 399-cu maddəsi ilə 03 fevral 2021-ci il tarixli protokol tərtib edilərək, 31 mart 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bundan başqa o, 11.12.2020-ci il tarixdə X10 hüquqi yardım etmək adı ilə onu aldadar 300 manat məbləğində pul almış, bununla da o, dələduzluq yolu ilə özgənin əmlakını talamaqla xırda talama inzibati xəta törətmiş və Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 04.05.2021-ci il tarixli protocol tərtib edilərək, həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bundan başqa o, 2021-ci ilin fevral ayında X11 iddia ərizəsi yazmaq adı ilə 40 manat məbləğində pul almış, bununla da o, dələduzluq yolu ilə özgənin əmlakını talamaqla xırda talama inzibati xəta törətmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 04.05.2021-ci il tarixli protokol tərtib edilərək, həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bundan başqa o, 2020-ci ilin dekabr ayında X1 qəyyumluq məsələsinin həll edilməsi adı ilə 70 manat məbləğində pul almış, bununla da o, dələduzluq yolu ilə özgənin əmlakını talamaqla xırda talama inzibati xəta törətmiş və Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 04.05.2021-ci il tarixli protokol tərtib edilərək, həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bundan başqa o, 2021-ci ilin yanvar ayında X4 torpaqla bağlı sənədlərin hazırlanması adı ilə 155 manat məbləğində pul almış, bununla da o, dələduzluq yolu ilə özgənin əmlakını talamaqla xırda talama inzibati xəta törətmiş və Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 04.05.2021-ci il tarixli protokol tərtib edilərək, həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bundan başqa o, 2019-cu ilin dekabr ayında X12 İsmayıllı rayonu, Xanagah kəndi ərazisində meyvə bağı salmaq məqsədi ilə torpaq sahəsini icarəyə götürmək adı ilə 450 manat məbləğində pul almış, bununla da o, dələduzluq yolu ilə özgənin əmlakını talamaqla xırda talama inzibati xəta törətmiş və Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsi ilə 04.05.2021-ci il tarixli protokol tərtib edilərək, həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2 (037)– 389/2020 saylı və 03.02.2020-ci il tarixli, 2(037)-54/2020 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu, keçən müddət ərzində heç bir ödəniş etməmiş və nəticədə onun 2331 (iki min üç yüz otuz bir) manat ödənilməmiş borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Məhkəmə iclasında İsmayıllı Rayon Prokurorluğunun böyük köməkçisi X19 göstərdi ki, Şəxs 2021-ci ilin yanvar ayında X7 özünü vəkil kimi təqdim edərək, torpağa dair çıxarış almaq üçün ona köməklik göstərilməsi adı ilə ondan 190 manat məbləğində pul almış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 399-cu maddəsində nəzərdə tutulmuş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunması inzibati xətanı törətmişdir. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, borcundan hər ay müəyyən qədər ödənişlər etmişdir. Artıq neçə aydır ki, karantin rejimi tətbiq olunduğundan heç yerdə işləyə bilməmişdir. Hazırda tələbkarlara 2331 manat borcu var. O, hər ay qalıq borcdan maddi imkanı daxilində tələbkarlara ödəniş edərək yaranmış borcunu getdikcə azaltmaqla gecikməni aradan qaldırmağa çalışacaqdır. Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli şəkildə boyun qaçırmaq niyyəti yoxdur və həmin qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini maddi imkansızlıq üzündən və özündən asılı olmayan səbəblərdən yerinə yetirə bilməmişdir. Bundan başqa Gülövşə Şirinovadan 105 (yüz beş) manat pul almışdır. Gülövşənin tələb etdiyi məbləği ondan almamışdır. Bundan başqa Əzizxan Bədəlovdan məhkəmədə iddia qaldırmaq üçün sənədlərin hazırlanmasına görə 40 (qırx) manat pul almışdır. Lakin sonradan həmin sənədləri hazırlaya bilməmiş və Əzizxandan aldığı pulu ona geri qaytara bilməmişdir. Zərifə Əliyevadan apelyasiya şikayət hazırlamaq üçün 300 (üç yüz) manat deyil 60 (altmış) manat pul almışdır. Həmin puldan 31 (otuz bir) mantını dövlət rüsumu ödəmişdir. Lakin sonradan apelyasiya şikayəti hazırlaya bilməmiş və pulu geri qaytarmamışdır. Habil Baxışovun tələb etdiyi 450 (dörd yüz əlli) manat məbləğində pulu ondan tələb etməmişdir. Müzəlləf Həlimovadan məhkəmədə iddia qaldırmaq üçün 45- 50 manat civarında pul almışdır. Lakin sənədləri hazırlaya bilməmiş və Müzəlləfə həmin pulu qaytarmamışdır. Həmin məbləğləri maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. Bundan başqa 04 may 2021-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsində olarkən rəis müavini Nicat Vəliyev tərəfindən ona zor tətbiq edilmişdir. Bununla bağlı araşdırma aparılmasını tələb edir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 göstərdi ki, 2021-ci ilin yanvar ayında Şəxs Hüseyn oğlu ona vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və torpağa dair çıxarış almaqda kömək etmək adı ilə ondan 190 manat məbləğində pul almış, verdiyi vədi yerinə yetirməmiş, müxtəlif varxlarda ondan pulunu tələb etmiş, bir neçə dəfə taksi ilə ondan pul almaq üçün gəlmiş və ümumilikdə yol xərci (taksi pulu) 155 manat təşkil etmişdir. Belə olan halda Şəxs ona 300 manat məbləğində borcu yaranmışdır. Hazırda Şəxs şikayətçidir və 300 manat pulunun qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X23 göstərdi ki, 2021-ci ilin fevral ayının əvvəllərində Şəxs məhkəmədə iddia qaldırmaq üçün sənədlərin hazırlanmasında ona köməklik edəcəyini vəd edərək, 40 (qırx) manat məbləğində pulunu almışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Elman sənədlərin hazırlanmasında ona köməklik etməmiş və hər dəfə müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. O, Elmandan pulunu tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X20 izahatında göstərdi ki, 11 dekabr 2020-ci il tarixdə özünü vəkil kimi tədim edən Şəxs apellyasiya şikayəti yazmaq üçün 300 (üç yüz) manat pul vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Elman ona köməklik etməmiş və hər dəfə müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan boyun qaçırmışdır. O, Elmandan pulunu tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, 2020-ci ilin dekabr ayında Şəxs qəyyumluq məsələsində ona köməklik edəcəyini vəd edərək ondan 70 (yetmiş) manat pul almışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Elman ona köməklik etməmiş və aldığı pulu geri qaytarmamışdır. O, Elmandan pulunu tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X24 izahatında göstərdi ki, 2019-cu ilin dekabr ayında Şəxs ona ismayıllı rayonu Xanagah kəndi ərazisində boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini ona icarəyə götürə biləcəyini vəd etmişdir. Bu səbəblə Elman ondan 450 (dörd yüz əlli) manat pul almışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Elman ona köməklik etməmiş və aldığı pulu geri qaytarmamışdır. O, Elmandan pulunu tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil Novruz oğlu məhkəmə iclasında Şəxs izahatına uyğun izahat verərək onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. 22 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(037)– 389/2020 saylı qətnaməsinə əsasən 580 manat borcun Zərərçəkmiş şəxs2, həmin məhkəmənin 03.02.2020-ci il tarixli, 2(037)-54/2020 saylı qətnaməsinə əsasən isə 1531 manat borcun Zərərçəkmiş şəxs1 ödənilməsini təmin etmir. İsmayıllı Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(037)–389/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs Hüseyn oğlundan 580 manat məbləğində borcun tutularaq, Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(037)–54/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs Hüseyn oğlundan, 1531 manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 22 fevral 2021-ci il tarixli 125729/2010 nömrəli məktubundan görünür ki, Şəxs icra vərəqəsi üzrə tələbkarlar Zərərçəkmiş şəxs2 580 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 1531 manat olmaqla, ümumilikdə 2331 manat məbləğində borcu ödənilməmiş qalmışdır. İsmayıllı rayon X21 Qrupunun 11 mart 2021-ci il tarixli HK-1/176 saylı, 06 aprel 2021-ci il tarixli HK-1/259 saylı, 16 fevral 2021-ci il tarixli, HK-1/84 saylı, 31 mart 2021-ci il tarixli HK-1/205 saylı və 04 may 2021-ci il tarixli HK-1/413 saylı qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarların surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(037)–389/2020 saylı qətnaməsinə əsasən 580 manat borcun Zərərçəkmiş şəxs2, həmin məhkəmənin 03.02.2020-ci il tarixli, 2(037)-54/2020 saylı qətnaməsinə əsasən isə 1531 manat borcun Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra vərəqələri icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borc ödənilməmiş qalmışdır. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Eyni zamanda Şəxs “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etmədən vəkil adından istifadə edərək 2021-ci ilin yanvar ayının 1-dən 20-nə dək olan müddət ərzində X7 özünü vəkil kimi təqdim edərək, torpağa dair çıxarış verilməsində ona köməklik edəcəyini vəd edərək ondan ümumilikdə 190 manat məbləğində pul alaraq gəlir əldə etmişdir. Bundan başqa Şəxs 11.12.2020-ci il tarixdə X8 etibarından sui-istifadə edərək hüquqi yardım etmək adı ilə sonuncunu aldatmış və ondan 300 (üç yüz) manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Şəxs 2021-ci ilin fevral ayında X16 etibarından sui-istifadə edərək iddia ərizəsi yazmaq adı ilə sonuncunu aldatmış və ondan 40 (qırx) manat məbləğində pulu alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Şəxs 2020-ci ilin dekabr ayında X5 etibarından sui-istifadə edərək hüquqi yardım etmək adı ilə sonuncunu aldatmış və ondan 70 (yetmiş) manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Şəxs 2021-ci ilin yanvar ayında X6 etibarından sui-istifadə edərək torpaqla bağlı sənədlərin hazırlanması adı sonuncunu aldatması və ondan 155 (yüz əlli beş) manat məbləğində pul alması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Belə ki, X14 məhkəmə iclasında Şəxs verdiyi 190 (yüz doxsan) manatı geri almaq üçün müxtəlif vaxtlarda onun yanına gəlibgedərkən yol xərci olaraq 155 (yüz əlli beş) manat məbləğində pul xərclədiyi bildirmişdir. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X21 Qrupunun təhqiqatçısı Rüstəm Atakişiyevin 31 mart 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqında qərardan müəyyən edilir ki, Şəxs X15 450 (dörd yüz əlli) manat pulunu aldadaraq ələ keçirməsi ilə bağlı əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs Habil Baxışovun etibarından sui-istifadə edərək ona torpaq sahəsini icarəyə götürmək adı ilə aldadaraq 450 (dörd yüz əlli) manat pulu dələduzluq yolu ilə ələ keçirməsi 2019-cu ilin dekabr ayında baş vermişdir. Həmin vaxtdan sonra 31 mart 2021-ci il tarixədək Şəxs barəsində dələduzluq faktı ilə əlaqədar hər hansı tədbir görülməmiş, onun törətdiyi əməldə cinayət və ya inzibati xəta tərkibinin əlamətləri olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Yalnız 1 (bir) ildən artıq müddət keçəndən sonra – Habil Baxışov tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət olunaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsi xahiş edilmişdir. Həmin müraciət əsasında İsmayıllı rayon X22 Bölməsində araşdırma aparılmağa başlanılmış və iş üzrə 31 mart 2021-ci il tarixli qərarla Şəxs Habil Baxışovdan 450 (dörd yüz əlli) manat pulu aldadaraq ələ keçirməsi ilə bağlı əməlində Azərbaycan respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 göndərilmişdir. Bundan sonra həmin qərar əsasında 04 may 2021-ci il tarixdə Şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilən vaxtdan, yəni 2019-cu ilin dekabr ayından sonra keçən 1 (bir) il ərzində onun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmiş, eyni zamanda, müvafiq orqan tərəfindən inzibati araşdırma aparılmasına da başlanmamışdır. Şəxs iş üzrə inzibati araşdırma aparmaq səlahiyyətinə malik olan orqandan qaçıb gizlənməsi halları da müəyyən edilməmişdir. Bununla da, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət inzibati xəta hadisəsi törədilən vaxtdan 1 (bir) il sonra - 2020-ci ilin dekabr ayında artıq başa çatmışdır. Həmin müddətin başa çatmasından 05 (beş) aydan artıq vaxt keçmişdir. İnzibati xətanın törədildiyi gündən uzun bir müddət keçdikdən sonra hər hansı səbəbdən araşdırma aparılmağa başlanaraq cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edilməklə inzibati xəta törətmiş şəxsin barəsində qeyd olunan qərarın qəbul edilməsindən sonrakı müddət ərzində inzibati tənbeh tədbiri tətbiq edilməsi inzibati xəta törədən şəxsin vəziyyətini süni şəkildə ağırlaşdırır. İnzibati xəta hadisəsi törətmiş şəxsin inzibati tənbehə məruz qala bilməsi üçün qanunvericilikdə başqa bir müddət olaraq cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən sonra 3 (üç) ay müddət müəyyən edilmişdir. Ancaq məhkəmə hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən sonra 3 (üç) ay keçənədək inzibati tənbeh verilməsi yalnız inzibati xətanın törədildiyi gündən 3 (üç) ay keçənədək araşdırma aparılmağa başlandığı halda mümkündür. Hazırki iş üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 31 mart 2021-ci il tarixli qərar qəbul edildiyi gündən 3 (üç) ay müddət keçməsə də, inzibati xəta hadisəsi törədilən vaxtdan iş üzrə araşdırma aparılmağa başlanılanadək 1 (bir) ildən artıq müddət keçdiyindən hazırki vəziyyətdə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi onun hüquqi vəziyyətinin ağırlaşdırılması deməkdir. İnzibati məsuliyyətə cəlb edilmək üçün qanunla müəyyən edilmiş müddət keçəndən sonra araşdırma aparılmağa başlanılması, araşdırma aparılmağa hansı səbəbdən gec başlanılmasından və araşdırmanın nəticəsindən asılı olmayaraq şəxsin qanunla müəyyən edilmiş müddət keçəndən sonra inzibati məsuliyyətə cəlb edilməsinə və onun inzibati qaydada tənbeh edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X15 zərərçəkmiş olduğu inzibati xəta haqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmaqla qeyd olunun inzibati xəta hadisəsini törətmiş olmasına baxmayaraq onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 105-ci maddələrinin tələbləri baxımından həmin hissədə Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və vəkilin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 399, 227-ci (üç epizod üzrə ayrı-ayrılıqda) maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati xətalar məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, 22.02.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Şəxs dövlət hesabına hüquqi yardım göstərilməsi üçün özünün tanıdığı müdafiəçi ilə müqavilə bağlaması üçün vaxt verilməsini istəmiş, bu səbəbdən məhkəmə iclası 01.03.2021-ci il tarixə saat 16:00-a təxirə salınmış, eyni zamanda ona həmin müddət ərzində borcunu ödəməsi barədə şifahi xəbərdarlıq edilmişdir. Göründüyü kimi, həmin tarixdən 8 gün vaxt keçməsinə baxmayaraq Şəxs keçən müddət ərzidə borcundan heç bir ödəniş etməmiş, sözügedən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Belə olan halda məhkəmə Şəxs borcunu ödəməsi üçün növbəti vaxtın verilməsini məqsədə müvafiq hesab etmir. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs Hüseyn oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini habelə ona həbslə əlaqədar olmayan digər inzibati tənbeh tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı yəni, 04 may 2021-ci il tarixdən saat 11:30-dan hesablanmalıdır. Belə ki, Şəxs 4 may 2021-ci il tarxidə saat 11:30-da yaadığı evdən polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və həmin vaxtdan onun azadlığı faktiki məhdudlaşdırılmışdır. X6 zərərçəkmiş olduğu inzibati xəta haqqında iş üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilməlidir. X15 zərərçəkmiş olduğu inzibati xəta haqqında iş üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilməlidir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxslərə izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 399 və 227-ci (üç epizod üzrə ayrı-ayrılıqda) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı yəni, 04 may 2021-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. X6 zərərçəkmiş olduğu inzibati xəta haqqında iş üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. X15 zərərçəkmiş olduğu inzibati xəta haqqında iş üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar