Məhkəmə qərarları › İş №3(037)-73/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-73/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-73/2025 17.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X3 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 23-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)- 3974/2023 saylı xx.xx.2023-cü il tarixli və İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-101/2024 saylı, 30 aprel 2024-cü il tarixli icra vərələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(012)- 3974/2023 saylı qətnaməsi üzrə verilmiş 02 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 20 iyul 2023-cü il tarixdən başlayaraq 07 fevral 2019-cu il təvəllüdlü X6 və 08 dekabr 202-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və İsmayıllı Rayon Məhkəməsinin e- 2(037)-101/2024 saylı,29 aprel 2024-cü il tarixli icra vərəqəsi üzrə verilmiş 30 aprel 2024cü il tarixli icra vərəqəsinə əsasən 09 aprel 2024-cü il tarixdən başlayaraq 30 aprel 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (yüz səksən) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov izahat verərək göstərdi ki, Şəxs icra vərəqəsinin icrasını tam şəkildə yerinə yetirmədiyi üçün məcburi icra tədbirləri görülmüş, onun yaşadığı evdə əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi hər hansı əşya aşkar edilməmişdir. Hazırda Şəxs 6010 (altı min on) manat aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmir. Buna baxmayaraq hər ay valideynləri aliment məbləğindən müəyyən qədər ödənişlər edir. Ona vaxt verilərsə belə borcunu bağlamaq imkanında deyil. Bundan başqa həbs olunacağı təqdirdə tələbkara aylıq ödəniş etdiyi 300 (üç yüz) manat məbləğini belə ödəməyəcəkdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Bakı şəhərində kirayədə yaşayır və özü “Oba” marketdə işləməklə 400 (dörd yüz) manat əmək haqqı alır. Hər ay 250 (iki yüz əlli) manat kirayə pulu ödəyir və uşaqlarını çətinliklə saxlayır. Şəxs vaxt verilməsini istəmir. Şahinə dəfələrlə güzəşt olunmuşdur. Borcunu tam şəkildə ödəmədiyi halda Şəxs qanunla tənbeh edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 17 fevral 2025-ci il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə 4150 (dörd min yüz əlli) manat məbləğində alimentin ödənilməsini təmin etmiş, 6010 (altı min on) manat məbləğində aliment borcunun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(037)-239/2024 və xx.xx.2024-cü il tarixli, 3(037)-374/2024 saylı qərarlardan görünür ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Məmmədov X4 Rayon Məhkəməsinin 2(012)- 3974/2023 saylı xx.xx.2023cü il tarixli və e-2(037)-101/2024 saylı, 30 aprel 2024-cü il tarixli icra vərələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmiş və qətnamənin icrasını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 12 (on iki) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan –17 fevral 2025-ci il tarixdə saat 15:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 17 fevral 2025-ci il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar