Məhkəmə qərarları › İş №3(037)-79/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-79/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-79/2022 10.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X3 iştirakı ilə Hüquqi ünvanı İsmayıllı rayonu Keyvəndi kəndi Şəxs QSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra QSC) 29 dekabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9245 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, İsveç Respublikasından 33E9927/33E9945 nömrəli nəqliyyat vasitələri ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, 28 dekabr 2021-ci il tarixdə saat 09:44-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi vermədiyi üçün barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhər Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhər Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X4 izahat verərək göstərdi ki, Şəxs QSC-nin ünvanına 33E9927/33E9945 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb həmin mallara dair müşayiət sənədləri göndərən şirkət tərəfindən QSC-yə gec göndərilmişdir. Bundan sonra QSC tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılacaq və bir daha belə hallara yol verilməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan görünür ki, 33E9927/33E9945 nömrəli nəqliyyat vasitəsilə Şəxs QSC-nin ünvanına gündərilən mallar 28.12.2021-cİ il tarixdə saat 09:44 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə” Azerbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Nəticədə Şəxs QSC tərəfindən X2 Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi QSC-nin nümayəndəsinin izahatı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 13.01.2022-ci il tarixli, 00100-0023/22 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan **********9245 sorğu nömrəli, 29.12.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs QSC (VÖEN **********) 29 dekabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9245 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, İsveç Respublikasından Rusiyadan 33E9927/33E9945 nömrəli nəqliyyat vasitələri ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına etektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 28.12.2021-cİ il tarixdə saat 09:44 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir.””””””””” ”” Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs QSC tərəfindən törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar