Məhkəmə qərarları › İş №3(037)-8/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-8/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-8/2021 11.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1984-cü il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərar şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elsevər Mazanov izahatında göstərdi ki, Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evin qarşısındakı küçədə olarkən Elçin və Elçinin əmisi oğlu Veysəllə görüşmüşdür. Elçin əmisi qızı ilə münasibətdə olmasını iddia edərək onunla mübahisə etmişdir. O, Elçinin sərxoş vəziyyətdə olduğunu hiss etmiş və heç bir söz demədən yaşadığı evə getmişdir. Bir neçə dəqiqə sonra Elçin mobil telefonun zəng edərək əmisi qızı ilə gizli münasibət saxlaması barədə sübut olduğunu bildirərək onu Kürdmaşı kənd orta məktəbinin yanına çağırmışdır. O qardaşı Anar Ağayevə zəng edərək baş verənləri izah etmişdir. Məktəbin yanına çatdıqda qardaşı Anar Ağayev, qohumları Anar Həsənov və Daşqın Həsənovla rastlaşmışdır. Elçin onları görən kimi onun ünvanına nalayiq ifadələr işlətmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Elçinin sifət nahiyəsindən sillə ilə vurmuşdur. Bundan sonra qarşılıqlı olaraq bir-birilərinin yaxasından tutmuşlar. Həmin vaxt orada olan qardaşı Anar Ağayev, qohumları Anar Həsənov, Daşqın Həsənov və Elçinin dayısı oğlu Eşqin Nəcəfov onları ayırmışlar. Elçin bundan sonra Anar Həsənovun ünvanına nalayiq ifadələr işlədərək 4000 (dörd min) manat pulunun geri qaytarmasını tələb etmişdir. Bundan sonra hamı oradan uzaqlaşaraq çıxıb getmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs bir sillə vurmuş və ondan başqa heç kim Elçini vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Elçinlə barışmağa razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. 2018-ci il tarixdə işi ilə bağlı tanışı Anar Həsənova 4000 (dörd min) manat pul vermişdir. Sonradan işi alınmadığı üçün həmin pulu Anardan geri istəmişdir. Lakin Anar müxtəlif bəhanələrlə həmin pulu geri qaytarmamışdır. Bununla bağlı Anarla aralarında bir neçə dəfə söz mübahisəsi baş vermişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 21:00 radələrində yaşadığı evin qarşısındakı küçədə qonşusu Şəxslə rastlaşmış və aralarında söz mübahisəsi olmuşdur. Bir neçə dəqiqə sonra yaşadığı evə getmiş və evdə olarkən Müşviqin qohumu Anar Həsənov onun mobil telefonuna zəng edərək görüşüb söhbət etmək istədiyini bildirmişdir. O, razılaşaraq dayısı oğlu Eşqinlə kənd məktəbinin yanına getmişdir. Məktəbin yanına çatdıqda orada Anar Həsənov, Anarın qardaşı Daşqın Həsənov, Şəxs və Müşviqin qardaşı Anar Ağayevin orada olduğunu görmüşdür. Söhbət zamanı Müşviq və Anarla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Müşviq onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra orada olan şəxslər onları ayırmış və oradan uzaqlaşaraq çıxıb getmişlər. Hadisə baş verən zaman hava qaranlıq olduğundan onu kimin vurmasını bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, onu vuran Müşviq olmuşdur. Hazırda Müşviqlə barışmağa razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X1 493 №-li xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –üst dodaq haşiyəsinin, alt dodağın selikli qişasının səthi yaraları, üst və alt dodağın selikli qişasının qansızmaları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupuna göndərilməlidir. Belə ki, İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Qoşqar Aslanlı xx xxxxxx 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işi başlanmasını rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Təhqiqatçı tərəfindən iş hərtərəfli araşdırılmamış, inzibati xətanın konkret hansı şəxs və ya şəxslər tərəfindən törədilməsi müəyyən olunmamış, X4, X5, X3 əməlinə hüquqi qiymət verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatı ilə təhqiqat orqanında verdiyi izahatında ziddiyyət vardır. Zərərçəkmiş təhqiqat orqanında verdiyi izahatında onun Anar Həsənov, Anar Ağayev və Daşqın Həsənov tərəfindən döyüldüyünü bildirsə də, məhkəmə iclasında yalnız Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hadisəsinin törədilməsində digər şəxslərin də iştirakı olmuşdur. Baş vermiş hadisədə xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materialda cinayət əlamətlərini aşkar edildiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupuna göndərilsin. Qərarın surəti məlumat üçün İsmayıllı rayon Prokurorluğuna göndərilsin. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar