Məhkəmə qərarları › İş №3(037)-86/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-86/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-86/2022 08.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X6 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 4000 (dörd min) manat miqdarında inzibati cərimə edilməsinə dair 06 yanvar 2022-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 3(037)- 86/2022 saylı qərarı ilə şikayət təmin olunaraq X6 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 4000 (dörd min) manat miqdarında inzibati cərimə edilməsinə dair 06 yanvar 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 mart 2022ci il tarixli, 3(107)-75/2022 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin olunaraq, İsmayıllı Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 3(037)- 86/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qərar qəbul edərkən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs tərəfindən sözügedən ağacın kəsilməsində məqsədinin şagirdlərin həyat və sağlamlıqlarını qorxu altına alan təhlükənin qarşısını almağa yönədilməsi ilə əsaslandırsa da, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılarkən Qalıb Hacıyevin verdiyi izahatı nəzərə almamış, İsmayıllı Kommunal Müəssisələri Kombinatının mühəndisi vəzifəsində işləyən şəxsin ehtimal edilən təhlükənin qarşısını almaq məqsədi ilə İsmayllı şəhər 5 nömrəli tam orta məktəbin həyətində yerləşən ağacı kəsmək səlahiyyətinin olubolmamasını araşdırmamışdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı Kommunal Müəssisələri Kombinatının mühəndisi vəzifəsində işləyir. 2021-ci ilin dekabr ayının əvvəllərində 5 saylı tam orta məktəbin direktoru tərəfindən məktəbin həyətində aşma təhlükəsi olan 1 ədəd ağac olması barədə idarəyə şifahi məlumat verilmişdir. Həmin müraciət əsasında məktəbin həyətinə gedərək baxış keçirilmiş və ağacın qısa müddət ərzində aşma təhlükəsinin olması müəyyən olunmuşdur. Hava şəraiti qarlı və küləkli olduğundan, məktəbdə təhsil alan uşaqların həyatı üçün təhlükə yarandığından həmin ağacın qısa müddətdə kəsilməli zərurəti yaranmışdır. Bu səbəbdən 22 dekabr 2021-ci il tarixdə məktəbin həyətində olan həmin ağacı kəsməli olmuşdur. Eyni zamanda artıq kəsilmiş ağacı sırf ictimai maraqlar naminə qarşıdan yeni il bayramı gəldiyi üçün yolka bəzədilməsindən ötürü rayon mərkəzində yerləşdirmişdir. Bundan sonra 23 dekabr 2021-ci il tarixdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu idarəyə dəvət edərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmin protokol əsasında 06 yanvar 2021-ci il tarixdə 4000 (dörd min) manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Barəsində tərtib olunmuş protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyil. Çünki həmin ağacın aşma ehtimalının olması barədə İsmayıllı şəhər Bələdiyyəsinə şifahi müraciət etmişdir. Ağacın kəsilməsi ilə bağlı rəsmi qərar gözləməli olmuş olsaydı, həmin məktəbdə təhsil alan uşaqların həyatı təhlükəsi yaranacaqdır. Bu səbəbdən həmin ağacı vaxt itirmədən kəsməli olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 hazırki iş üzrə Qalib Hacıyevin şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, Qalib Hacıyev mülkiyyətində olmayan ərazidə olan 1 (bir) ədəd sərv cinsindən ibarət ağac dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan kəsdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Qalib Hacıyev kəsdiyi ağac qurumuş olsaydı da, həmin ağacın kəsilməsi üçün ağacın bioloji inkişafdan qalmasını təsdiq edən müvafiq rəy tələb olunur. Belə rəy olmadan ağacın kəsilməsi qanunsuz hərəkət kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Ona görə də Qalib Hacıyev barəsində 23 dekabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola baxılması vaxtı və yeri barədə Qalib Hacıyevə rəsmi məlumat verilmişdir. 06 yanvar 2022-ci il tarixdə həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Qalib Hacıyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 4000 (dörd min) manat miqdarında inzibati cərimə edilmişdir. Bundan başqa Qalib Hacıyev məktəbin həyətindən 1 (bir) ədəd sərv cinsindən ibarət ağacı qanunsuz olaraq kəsilərək götürülməsi nəticəsində təbiətə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iş hazırda məhkəmənin icraatındadır. İnzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Ona görə də, Qalib Hacıyevin şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı şəhər Bələdiyyəsinin sədri X5 izahat verərək göstərdi ki, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin həyətindən kəsilmiş ağacın aşma təhlükəsi olması barədə idarəyə heç bir rəsmi müraciət olunmamışdır. Həmin ağac kəsildikdən sonra onların məlumatı olmuşdur. 23 dekabr 2021-ci il MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 5 saylı tam orta məktəbin həyətindən qanunsuz olaraq ağac kəsmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 06 yanvar 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 5 saylı tam orta məktəbin həyətindən qanunsuz olaraq ağac kəsməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin və şahidin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılarkən X3 İsmayıllı şəhəri, 5 saylı tam orta məktəbin həyətindən ağac kəsdiyi aşkar edilmişdir. Bununla bağlı 23 dekabr 2021-ci il MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Qalib Hacıyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 06 yanvar 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 4000 (dörd min) manat miqdarında inzibati cərimə edilmişdir. Qalib Hacıyev hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN № ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini hava şəraiti qarlı və küləkli olduğundan, məktəbdə təhsil alan uşaqların həyatı üçün təhlükə yarandığından həmin ağacın qısa müddətdə kəsilməli zərurəti yaranması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndiskommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının 2.1-ci maddəsində yaşıllıqların götürülməsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmaqla, yaşıllıqların götürülməsinə yol verilən hallar məhz yuxarıda istinad edilən “Yaşıllıqların mühafizəsi haqqında” Qanunla müəyyən edilmiş qaydada təsbit edilmişdir. X9 şəhəri, 5 saylı tam orta məktəbin həyətində aşma təhlükəsi olan bir ədəd ağacın olması ilə bağlı İsmayıllı şəhər Bələdiyyəsinə və ya hər hansı aidiyyəti idarəyə rəsmi məlumat verməmişdir. Qanunun tələbinə görə yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Qalib Hacıyev izahatında 5 saylı tam orta məktəbin direktoru tərəfindən məktəbin həyətində aşma təhlükəsi olan 1 ədəd ağac olması barədə idarəyə şifahi məlumat verildiyini bildirmişdir. Həmin ağac isə 22 dekabr 2021-ci il tarixdə kəsilmişdir. Göründüyü kimi həmin müraciət olunmuş olsaydı ağacın qanunla müəyyən olunmuş qaydada kəsilməsi haqqında qərarın verilməsi üçün yetərincə vaxt olmuş olardı. X12 ağacın aşma təhlükəsi olması barədə heç bir müraciəti olmamış və bu barədə qərar olmadan ağacı kəsmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Kommunal Müəssisələri Kombinatının mühəndisi vəzifəsində işləyən Qalib Hacıyevin ehtimal edilən təhlükənin qarşısını almaq məqsədi ilə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin həyətində yerləşən ağacı kəsmək səlahiyyəti olmamış və ağacı kəsmək səlahiyyətinin olması barədə hər hansı sübut məhkəməyə təqdim tməmişdir. Bundan başqa 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılarkən Qalib Hacıyev izahatında ağacı kəsmək məqsədinin yeni il şənliyi ilə bağlı şəhərin mərkəzində yolka ağacı kimi bəzədilərək istifadə edilməsi olmasını göstərmişdir. Göründüyü kimi Qalib Hacıyevin məhkəmədə verdiyi izahatla 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılarkən verdiyi izahat ziddiyyət təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4–cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X6 22 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhər 5 saylı tam orta məktəbin həyətindən mülkiyyətində olmayan ərazidə olan 1 (bir) ədəd sərv cinsindən ibarət ağacı dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan kəsməklə qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 23 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 06 yanvar 2022-ci il tarixdə qərar qəbul edilmiş, qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 4000 (dörd min) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və həmin protokol əsasında X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən qanunla müəyyən edilmiş qaydalara əməl edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri çərçivəsində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X3 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 4000 (dörd min) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar