Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-86/2024 16.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 16 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2 (074) - 672/2023 saylı qətnaməsi üzrə verilmiş 22 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən 24 may 2023-cü il tarixdən başlayaraq Şəxs 20 dekabr 2017-ci il təvəllüdlü X3 və 14 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaq cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 810 (səkkiz yüz on) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə 16 fevral 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Paşa Paşazadə izahat verərək göstərdi ki, Şəxs aliment məbləğindən hazırki günədək 2000 (iki min) manat məbləğində ödəniş etmişdir. Şəxs hər ay ödənişlər etsə də, təyin olunmuş aliment məbləğini tam şəkildə ödəməmiş və 2024-cü ilin yanvar ayından ödəniş etməmişdir. Ona görə də, onun 810 (səkkiz yüz on) manat aliment borcu yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 810 (səkkiz yüz on) manat aliment borcu vardır. Rəsmi iş yeri olmadığı üçün həmin borcu tam şəkildə ödəyə bilmir. Buna baxmayaraq mart ayından həmin borcundan 200-250 manat məbləğində hər ay ödəniş edəcəkdir. Hər ay təyin olunmuş aliment məbləğini isə vaxtlı-vaxtında ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 3(037)-26/2024 saylı qərarından görünür ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitama verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 16 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2 (074) – 672/2023 saylı icra vərəqəsinə əsasən Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 810 (səkkiz yüz on) manat məbləğində aliment borcu ödəməkdən yayınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şamaxı Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2 (074)- 672/2023 saylı qətnaməsi üzrə verilmiş 22 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən 24 may 2023-cü il tarixdən başlayaraq Şəxs 20 dekabr 2017-ci il təvəllüdlü X3 və 14 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaq cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 3(037)-26/2024 saylı qərarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən 09 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən, onun 1240 (min iki yüz qırx) manat məbləğində aliment borcu olmuşdur. İş məhkəmənin icraatında olan müddətdə Şəxs aliment borcundan 750 (yeddi yüz əlli) manat məbləğində ödəniş etmiş və 490 (dörd yüz doxsan) manat məbləğində borcu qalmışdır. Məhkəmənin qərarı ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Buna baxmayaraq icra məmuru 1 aydan da az müddətdə Şəxs 2024-cü ili yanvar ayına olan aliment məbləğini ödəmədiyini əsas gətirərək, onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Göründüyü kimi Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmır. Şəxs 2024-cü ilin yanvar ayına olan aliment məbləğini ödəməmə də, həmin ay, yəni 19 yanvar 2024-cü il tarixdə tələbkara olan aliment borcundan 750 (yeddi yüz əlli) manat məbləğində ödəniş etmişdir. Bu da. onun yanvar ayına təyin olunmuş aliment məbləğini ödəməsinə çətinlik yaratmışdır. Bundan başqa borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində olan inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-86/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-86/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver