Məhkəmə qərarları › İş №3(037)-88/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-88/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-88/2023 28.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 28 avqust 1962-ci il tarixdə Göyçay rayonu Alpout kəndində anadan olmuş, İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi, ev 2, mənzil 2-də yaşayan, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 28 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 14 fevral 2023-cü il tarixdə saat 00:00 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Natiq” adlı çay evində pulla qumar oynaması faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə 15 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Natiq Əliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Zahir Məhərrəmli izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində İsmayıllı şəhər sakini Şəxs şəhər ərazisində yerləşən “Natiq” adlı çay evində X4, X5, X1, X6 və X7 ilə birlikdə qumar oynamışdır. Həmin vaxt masanın üzərində olan 36 manat pul maddi sübut olaraq götürülmüşdür. Həmin şəxslər polis şöbəsində izahat verərkən qumar oynamalarını etiraf etmişlər. Həmin fakt üzrə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Natiq Əliyev izahat verərək göstərdi ki, İsmayıllı şəhəri ərazisində çay evi işlədir. 14 fevral 2023-cü il tarixdə saat 00:00 radələrində çay evində olarkən polis əməkdaşları içəri daxil olmuşlar. Həmin vaxt iki masada ayrı-ayrı müştərilər olmuşdur. Masaların birində müştərilərin pulu olduğu üçün polis əməkdaşları həmin şəxslərin qumar oynadıqlarını düşünmüşlər. O, polis əməkdaşlarına qumar oyunu oynanılmadığını bildirsə də, polis əməkdaşları Elvin, Seymur, Mirkazım, Toğrul və digər Seymurla birlikdə onu da polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onun da qumar oynamasını əsas gətirərək protokol tərtib etmişdir. Həmin vaxt çay evində qumar oynanılmamışdır. İzahatlarında sadəcə işin yekunlaşacağını düşündükləri üçün qumar oynanıldığını etiraf etmişlər. Odur ki, bütün bunlar nəzərə alınaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilən Şəxs izahat verərək göstərdi ki, 14 fevral 2023cü il tarixdə saat 23:00 radələrində pivə içmək üçün “Natiq” adlı çay evinə getmişdir. Orada tanışları Seymur, Mirkazım, Toğrul və digər tanışı Seymurla rastlaşmışdır. Onlar birlikdə oturub pivə içmək qərarına gəlmişlər. Həmin vaxt çay evini işlədən Natiqdə çay evində olmuşdur. Bir neçə saat sonra oraya polis əməkdaşları gəlmişdir. Stolun üzərində pul olduğu üçün polis əməkdaşları onların qumar oynadıqlarını düşünmüşdür. Lakin həmin pul pivə üçün verilən hesab olmuşdur. Həmin vaxt çay evinə onlardan başqa müştərilərdə olmuşdur. Onlar polis şöbəsinə gətirilmiş və izahatları alınmışdır. İzahat verərkən qumar oynayacağını etiraf etməklə hər şeyin yekunlaşacağını düşünmüş və qumar oynamasını etiraf etmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, polis əməkdaşları içəri daxil olarkən onların əlində kart olmamışdır. Masanın kənarında oturaraq pivə içmişlər. Onların qumar oynamasını təsdiq edəcək hər hansı sübut yoxdur. Yalnız stolun üzərində olan pul oradan götürülmüşdür. Həmin pulda içdikləri pivəyə görə ödənilən pul olmuşdur. 15 fevral 2023-cü il tarixli raportdan görünür ki, 15 fevral 2023-cü il tarixdə saat 01:10 radələrində polis əməkdaşları İsmayıllı rayonu şəhəri ərazisində yerləşən çay evində Şəxs, Elvin Matanlı, Mirkazım Abdullayev, Seymur Bəşirzadə, Toğrul Mamedov və Seymur Məmmədlinin qumar oyununda iştirak etdiklərini görüb onları rayon polis şöbəsinə dəvət etmişlər. 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 14 fevral 2023-cü il tarixdə saat 01:10 radələrində İsmayıllı şəhərində yerləşən “Natiq” adlı çay evində Şəxs, Elvin Matanlı, Mirkazım Abdullayev, Seymur Bəşirzadə, Toğrul Mamedov və Seymur Məmmədli qumar oynayarkən oradan 36 ədəd oyun kartı və 36 manat pul məbləği maddi sübut olaraq götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İsmayıllı rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Zahir Məhərrəmli tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 14 fevral 2023-cü il tarixdə İsmayıllı şəhəri ərazisində yerləşən çay evində qumar oyununda iştirak etməsi göstərilmişdir. Lakin, həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Belə ki, iş materiallarında göstərilən oyun kartı və pul vəsaiti məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi Şəxs qumar oynaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyündən və məhkəməyə Natiq Əliyevin qumar oynamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan əlavə məhkəmə iclasında protokolu tərtib etmiş polis əməkdaşı izahatında polis əməkdaşları hadisə vaxtı stolun üzərində pul məbləğinin olduğunu bildirmişdir. Həmçinin ifadəsində özü də təsdiq etmişdir ki, şəxsi mülahizələrinə, ehtimallara və təcrübələrinə əsasən Natiq Əliyevin qumar oynaması qənaətinə gəlmişlər. Lakin bununla bağlı əllərində hər hansı mötəbər sübut olmamış və məhkəməyə təqdim etməmişlər. İşdəki materiallarla isə onun həmin vaxt qumar oynaması sübut olunmur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Şəxs 14 fevral 2023-cü il tarixdə saat 00:00 radələrində İsmayıllı şəhərində yerləşən “Natiq” adlı çay evində Toğrul Mamedov, Elvin Matanlı, Mirkazım Abdullayev, Seymur Bəşirzadə və Seymur Məmmədli ilə birlikdə qumar oynaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli 15 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMin 525-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN ******* nömrəli 15 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar