Məhkəmə qərarları › İş №3(037)-97/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-97/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-97/2024 29.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1968-ci ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 29 fevral 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 10 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən icarəyə götürdüyü torpaq sahəsinin ətrafında olan 50 metr tikanlı məftilini doğrayaraq, sonuncuya 25-30 manat dəyərində maddi ziyan vurması faktı üzrə İsmayıllı rayon X2 Bölməsinin təhqiqatçısı Nurlan Atakişiyevin 03 fevral 2024-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 16 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, torpaq sahəsinə gedən yolu Zərərçəkmiş şəxs tikanlı məftilnən bağlamışdır. 10 yanvar 2024-cü il tarixdə həmin tikanlı məftilləri doğrayaraq yolu açmışdır. Zərərçəkmiş şəxs həmin məftili artıqlaması ilə qaytaracaqdır. Emin həmin yerə saxta sənəd almışdır. Həmin yolun açılmasını tələb edir və bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, qeyd olunan 2 hektar torpaq sahəsini icarəyə götürmüş və bununla bağlı vergilər ödəmişdir. Torpaq sahəsinin ətrafını tikanlı məftillə hasara almışdır. Şəxs həmin tikanlı məftilləri doğrayaraq ona ziyan vurmuşdu. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “İsmayıllı İnşaat” mağazasının arayışından görünür ki, 15 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək olan müddətdə 50 metr tikanlı məftilin orta bazar qiymətlərinə uyğun real pərakəndə satış qiyməti 25-30 manat təşkil etmişdir. İsmayıllı rayon X2 Bölməsinin təhqiqatçısının xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin X1 verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 10 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən icarəyə götürdüyü torpaq sahəsinin ətrafında olan 50 metr tikanlı məftilini doğrayaraq sonuncuya 25-30 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 30 (otuz) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar