Məhkəmə qərarları › İş №3(037)-98/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-98/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-98/2023 06.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1989-cu il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Mican kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(001)- 446/2020 saylı qətnaməsinə əsasən Şəxs 09 sentyabr 2019-cu ildən başlayaraq 06 iyul 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Əliyeva (Babayeva) Sahilə Həzirət qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 12345 (on iki min üç yüz qırx beş) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 fevral 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Borclu təyin olunmuş aliment məbləğindən ödənişlər etsə də, müəyyən qədər borcu yaranmışdır. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 12345 (on iki min üç yüz qırx beş) manat aliment borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, aliment məbləği təyin olunduqdan sonra hər ay təyin olunmuş aliment məbləğindən maddi imkanı daxilində ödənişlər etmişdir. Hazırki günədək aliment məbləğindən 2375 (iki min üç yüz yetmiş beş) manat ödəniş etmişdir. Aliment borcunun yaranmasına səbəb daimi iş yerinin olmamasıdır. Bu səbəbdən tələbkara 12345 (on iki min üç yüz qırx beş) manat borcu yaranmışdır. Borcundan 1000 (min) manatını hazırda tələbkara ödəmişdir. Hazırda iş yeri tapmışdır və bundan sonra hər ay 400-500 manat arası ödəniş edəcəkdir. Tələbkarında ona qarşı şikayəti yoxdur. Ona vaxt verilərsə aylıq aliment borcundan da atıq ödənişlər edərək gecikməni aradan qaldıracaqdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona 12345 (on iki min üç yüz qırx beş) manat aliment borcu vardır. Hazırda Şəxs ona olan borcundan 1000 (min) manatını ödəmişdir. Şəxs qalan borcundan hər ay ödəyəcəyini öhdəsinə götürmüşdür. Hazırda Şəxs qarşı şikayəti yoxdur və işin icraatına xitam verilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 23 fevral 2023-cü il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs hazırki günədən aliment məbləğindən 2375 (iki min üç yüz yetmiş beş) manatını tələbkar Zərərçəkmiş şəxs ödəmiş, 12345 (on iki min üç yüz qırx beş) manat məbləğində alimenti ödəməkdən yayınmaqla icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli qəbzdən görünür ki, 1000 (min) manat məbləğində pulu Şəxs almışdır. Zərərçəkmiş şəxs 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs qarşı tələb və şikayətinin olmadığını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(001)-446/2020 saylı qətnaməsinə əsasən Şəxs 09 sentyabr 2019-cu ildən başlayaraq 06 iyul 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Əliyeva (Babayeva) Sahilə Həzirət qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, İlqar İsayev barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun tələbkar Zərərçəkmiş şəxs 12345 (on iki min üç yüz qırx beş) manat aliment borcunun olduğu qeyd edilmişdir. Şəxs məhkəmə iclasında borcundan 1000 (min) manatını tələbkara ödəmiş, qalan borcundan hər ay 400-500 manat məbləğində ödəniş edəcəyini vəd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs qarşı şikayətinin olmadığını bildirmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar