Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-201/2024 30.07.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə 05 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasınıN yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sonuncunun nümayəndəsi işə onların nümayəndələrinin iştrakı olmadan baxılmasını və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ünvanladığı etirazla "xxxx" MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokolu aşağıda qeyd olunan səbəblərə görə əsassızdır və əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Cəmiyyət işğaldan azad olunmuş ərazilərdə dövlət layihələrinin icrasına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin subpodratçısı olaraq cəlb olunmuşdur. Layihənin əsas sifarişçi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyət tərəfindən bütün işə qəbul edilən fiziki şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada yazılı formada əmək müqaviləsi bağlanılır və əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi və 49-cu maddəsinin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra əmək fəaliyyətinə cəlb olunur. Bir qayda olaraq işğaldan azad olunmuş ərazilərdə icra olunan layihələrə işçi qüvvəsinin cəlb olunması həm mövcud kadrlar hesabına, həm də əlavə kadrların həmin layihələr üzrə işə qəbul edilməsi hesabına tədarük edilir. İşğaldan azad olunmuş ərazilərə göndərilməsi planlaşdırılan (işçilər, mülki hüquq müqaviləsi əsasında işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb olunan vergi ödəyicisi olaraq qeydiyyata alınmayan fiziki şəxslər, yazılı əmək müqaviləsi bağlanmamışdan əvvəl əmək şəraiti ilə yerində tanış olmaq istəyən şəxslər, xidməti müqavilə ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan fiziki şəxslər, icarə müqaviləsi üzrə əmlakını icarəyə verən fiziki şəxslər və sair... ) şəxslər üçün buraxılış icazəsi alınması layihənin Sifarişçisi tərəfindən alınır. Belə ki, yuxarıda qeyd olunan kateqoriyada olan şəxslərin məlumatları podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilir. Podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə həmin məlumatları sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərir. Sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə podratçılardan və subpodratçılardan daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İşğaldan azad olunmuş ərazilərə buraxılış informasiya sistemi üzərindən buraxılış icazələrinin alınmasını təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsində və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə əmək fəaliyyətinə cəlb olunması üçün «iş icazəsi» növündə bir icazənin alınması nəzərdə tutulmamışdır. Eyni zamanda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi adlı portal və həmin portal üzərindən real vaxt rejimində gücləndirilmiş elektron imza ilə təmin edilən “iş icazəsi” növü mövcud deyil. İşğaldan azad olunmuş ərazilərə buraxılış rejimi bütün fiziki və hüquqi şəxslər üçün tətbiq olunur. Ona görə də, həmin ərazilərə buraxılış icazəsi alınmış şəxslərin işçi olaraq qəbul edilməsi Xidmətin düzgün olamayan protokol tərtib etməsi ilə nəticələnmişdir. İş materiallarında olan Xidmətin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti inzibati xəta haqqında icraat zamanı buraxılış icazəsi alınmış şəxslərin əmək fəaliyyətinə cəlb olunub-olunmaması və həmin ərazilərə gedib-getməmə faktını araşdırmamışdır. Belə ki, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərdə layihələrə personal tədarükü üçün işə qəbul (uyğun kadrların axtarılması, seçilməsi və yerləşdirilməsi) proseduru tətbiq olunur. Bəzi hallarda işə qəbulun bütün mərhələlərini keçən şəxslər əmək müqaviləsi bağlamaqdan və ya əmək müqaviləsi bağladıqdandan sona işləməkdən imtina edir. Buraxılış icazələrinin alınması üçün 15 (on beş) gündən artıq vaxt tələb olunur. Bu müddət ərzində müxtəlif səbəblərdən buraxılış icazəsi alınmış şəxs Cəmiyyətdə çalışmaqdan imtina edir. İş üçün müraciət etmiş və ya işə qəbul prosedurununun bütün mərhələlərini keçmiş şəxslər bir çox halda işləyəcəkləri yeri görmək, həmin ərazinin iqlim şəraiti ilə tanış olmaq, iş yerində əmək şəraiti ilə tanış olmaq hüququndan istifadə edir. Bir çox halda şərtlərlə razılaşmayan şəxslər əmək müqaviləsi bağlamaqdan və ya onunla əmək müqaviləsi bağlanılmış olsa belə işləməkdən imtina edir. Ona görə Xidmət tərəfindən buraxılış icazəsi alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedib-getməməsi və həmin ərazilərdə əmək fəaliyyətinə cəlb olunub-olunmaması dəqiqləşdirilməlidir. Mötəbər dəlillərlə və qanuni yolla əldə olunmuş sübutetmə vasitələri ilə inzibati xətanın bütün əlamətlərini daşıyan inzibati xəta aşkarlandıqda Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Bununla yanaşı inzibati xəta haqqında icraat aparılarkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. İXMnin 6.1-ci bəndinin «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.» tələbləri pozulmuşdur. İXM-nin 8.3-cü bəndinin «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.» tələbləri pozulmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Lakin, İdarə tərəfindən bu qeyd olunanlar müəyən olunmamışdır. Hesab edirik ki, Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil omuş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə əməl olunmadan aparılmamışdır. Xidmət tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamış, mötəbər dəlillərlə Cəmiyyətin və onun vəzifəli şəxslərinin təqsiri sübuta yetirilməmiş, X1 izahatı alınmamış, onunla Cəmiyyət arasında hər hansı bir əmək münasibətinin yaranıbyaranmaması dəqiqləşdirilməmiş və yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək işi məhkəməyə göndərilmişdir. Bununla da, Xidmət tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Odur ki, məhkəmədən Cəmiyyət tərəfindən verilmiş etiraz, izahat və ərizələri nəzərə almağı, xx.xx.2024-cü il tarixli, 3(038)- 201/2024 nömrəli İnzibati xəta haqqında işə nümayəndənin iştirakı olmadan baxılmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında protokolu üzrə başladılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərgi Zəngəzur” iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X3 xx.xx.2024-cü il tarixindən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəis müavini X2 tərəfindəndən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsində qeyd olunur ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 192.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır və inzibati məsuliyyətə səbəb olur. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolun tərtib olunma əsasları kimi yalnız işçinin (X1) “Qarabağ və Şərgi Zəngəzur” iqtisadi rayonlarına girişi göstərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən X1 "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək münasibətinin yaranması halı iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa protokol tərtib edilərkən inzibati orqan tərəfindən işin halları ətraflı araşdırılmamış, X1 izahatı alınmamış, onun işğaldan azad edilmiş ərazilərə giriş icazəsi aldıqdan sonra həqiqətən həmin ərazilərə gedib-getməməsi, onunla cəmiyyət arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması halı dəqiqləşdirilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Göründüyü kimi inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərkən İXM-nin 127-4.1-ci maddəsinin tələbləri də pozulmuş, protokol müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron sənəd şəklində elektron qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(038)-201/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-201/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver