Məhkəmə qərarları › İş №3(038)-214/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-214/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-214/2023 07.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi K1 oğlunun katibliyi, Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru vəzifəsini icra edən X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Yardımlı rayonu Dağüzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Dağüzü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yardımlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon İcra və Probasiya Şöbəsinin tərtib etdiyi 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(030)-198/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs məhkəmə qətnaməsini üzürlü səbəb olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Yardımlı Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(030)-198/2023 nömrəli icra sənədinə əsasən X1, X3, X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq X7 xeyrinə verilməsi barədə qərar qəbul edilmişdir. Uşaqların ikisi-Mərdan və Dilbər sentyabr ayından onun himayəsində, Sona və Şəfa isə tələbkar X8 ilə birlikdə Bakı şəhərində yaşayırlar. Bu səbəbdən tələbkara hər ay 200 manat aliment ödəməlidir. Onun aliment borcu 1200 manat deyil 600 manat olmalıdır. Həmin 600 mantadan isə 200 manatını ödəmişdir. O, alimenti ödəməkdən yayınmamış və məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun hər hansı qanuni tələblərinə tabesizlik etməmişdir. Odur ki onun barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsaslanaraq məhkəmə inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru vəzifəsini icra edən X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs Yardımlı Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(030)-198/2023 nömrəli icra sənədləri üzrə X1, X3, X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq X5 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədi daxil olmuş və icra sənədinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs icra sənədinin icrasını tam təmin etməmiş və sentyabr ayından 1200 manat aliment borcu yaranmışdır. İndi məlum olur ki, sentyabr ayından uşaqların ikisi Heydərlə yaşayır, bu səbəbdən onun aliment borcu 600 manat olmalıdır və həmin borcdan 200 manat ödəmişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli, MN1057742 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(030)-198/2023 nömrəli icra sənədinə əsasən X1, X3, X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat aliment tutularaq X5 xeyrinə verilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətlərindən görünür ki, Şəxs aliment borcundan 200 manat ödəmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə tələb 1200 manat deyil 600 manatdır və borclu 200 manat ödəmişdir. Bütün qeyd edilənlərə əsasən borclu Şəxs müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Həmin Məcəllənini 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənini 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayion məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar