Məhkəmə qərarları › İş №3(038)-214/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-214/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-214/2025 14.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) nümayəndəsi X1 iştirakı ilə, 1 saylı RETSİ-nin rəisi X2 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Məzahir İmanov tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1 saylı RETSİ-nin rəisi X2 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.1 maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X5 şikayət verərək, 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynovun 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Yardımlı rayonu Tilə kəndində qeydiyyatda olmaqla, Masallı rayonu Ətçilər kəndində yaşayır. O, protokol və qərarda qeyd edilən meşə sahəsində, ümumiyyətlə haradasa hər hansı bir qanunsuz ağac kəsməmişdir. İzahatlarında da bunu göstərmişdir. İnzibati məsuliyyətə cəlb olunması barədə o, öz təqsirsizliyini sübut etməyə borclu deyil, adı çəkilən qərar isə hər hansı bir qanunla nəzərdə tutulan sübutlarla deyil, fərziyyələrə və şübhələrsübhəsi əsasında qəbul edilib və şübhələr isə onun xeyrimə həll edilməlidir. Onun inzibati xətanı törətməkdə təqsirinin olubolmamasını müəyyən etmək inzibati xəta haqqında protokola baxan səlahiyyətli orqanın vəzifəsidir və sübuta yetirməlidir. Qeyd etdiyim barəmdə olan qərarın hər hansı bir subyektiv əsası isə yoxdur. Bu da əməlində inzibati xəta tərkibinin olmasını istisna edən haldır. Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin qərarından görünbdüyü kimi 11 saylı X4 Mərkəzinin Yeyənkənd meşəbəyiliyinin 9 saylı meşə dolayının gözətçisi X6 izahatında həmin ərazidə kəsilən ağacların mənim və Hamlet İmanovun tərəfindən kəsildiyindən şübhələnir, cu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin xx.xx.2025-ci il tarixli qərarında da öz əksini tapmışdır. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– 1 saylı RETSİ-nin nümayəndəsi Rauf Abbasov şikayətin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin xx.xx.2025-ci il tarixli «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərarından görünür ki, X5 barəsində İXMnin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqında iş üzrə icraat başlanmış və qərar toplanmış materiallarala birlikdə şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üşün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynovun 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə, X5 İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından görünür ki, meşəqırma bileti (orderi) olmadan meşə fondundan istifadə qaydalarını pozmuş şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, şəxsin inzibati xətanı törətməkdə təqsirinin olub-olmamasını müəyyən etmək inzibati xəta haqqında protokola baxan səlahiyyətli orqanın birbaşa vəzifəsidir. Şəxsin əməlində törədilmiş inzibati xəta üzrə təqsirinin müəyyən edilməsi inzibati xətanın 4 elementindən birinin, yəni subyektiv cəhətinin tərkib hissəsidir ki, bunun da olmaması əməldə inzibati xəta tərkibinin olmasını istisna edən haldır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1 saylı RETSİ tərəfindən 23 aprel 2025-ci il tarixli qərar qəbul edilərkən qeyd edilən hallar, yəni X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən sonuncunun İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair mötəbər sübutların təqdim edilməməsinə diqqət etməmişdir. X3 meşə fonduna məxsus ağacları məhv etməsi və ya zədələməsi ilə bağlı qərar qəbul edərkən səlahiyyətli orqan tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamış, əksinə, Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin xx.xx.2025-ci il tarixli «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» görünür ki, gözətçi X6 izahatında ağacların X5 və X7 tərəfində şübhələndiyini qeyd etmişdir. Halbuki şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu hər hansı şübhlə ilə deyil, ona istinad edilən sübutlarla təsdiq olunmalıdır. Bundan başqa 1 saylı RETSİ-yə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan təsdiqedici sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuş, əks təqdirdə sonuncuya təqdim edilmiş sübutlar əsasında işə baxılacağı bildirilmiş, lakin sonuncu bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, 1 saylı RETSİ tərəfindən qəbul edilmiş qərar hər hansı mötəbər sübutlar əsasında deyil, şübhələri izahatlar əsasında qəbul edilmişdir ki, bu da İXM-nin 8-ci maddəsinin tələbi baxımından yolverilməzdir. İXM-nin: 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiyaya qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, 1 saylı ETSİ-nin rəisi Ceyhun Hüseynovun 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və X3 barəsində İMX-nin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 23 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və X3 barəsində İXM-nin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar