Məhkəmə qərarları › İş №3(038)-216/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-216/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-216/2023 21.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, Məhkəmə iclasının katibi K1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 11 may 2023-cü il tarixli, MN1290885 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 (iki min) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 11 may 2023-cü il tarixli, MN1290885 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, 2009-cu ildən 10 aprel 2023-cü il tarixədək Yardımlı Rayonu Sırıq bələdiyyənin sədri vəzifəsində işləmiş, işlədiyi müddətdə qeyd edilən ərazidə məişət tullantılarının qalaqlanması nətəcəsində ətraf mühitin mühafizəsi tələblərinin pozulması faktı aşkar edilməmiş və belə qanunsuzluğa o yol verməmişdir. O, başqa işə keçməsi ilə əlaqədar 10 aprel 2023-cü il tarixdə bələdiyyə sədri vəzifəsindən azad olunmuşdur. Həmin ərazidə İnzibati xəta hadisəsi isə 12 aprel 2023-cü il tarixdə, yəni onun işdən azad olunduğu müddətindən iki gün sonra aşkar edilmişdir. Həmin vaxt isə o, bələdiyyə sədri vəzifəsində işləməmişdir. Bundan əlavə aşkar edilmiş inzibati xəta hadisəsi ilə əlaqədar tərtib edilmiş protokoldan onun məlumatı olmamış və protokol onun iştirakı olmadan tərtib olunmuşdur. Həmin Protokoldan və qərardan onun məlumatı olmamış və qanunvericiliyin tələbinə görə ona həmin protokol və qərar təqdim edilməmişdir. Yalnız AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 11 may 2023-cü il tarixli, MN №1290885 saylı inzibati xəta haqqında qərarı üzrə təyin edilmiş cərimənin ödənilməsi ilə əlaqədar icra məmurunun çağırışından sonra məlumatı olmuşdur. Bundan sonra o, qeyd edilən idarəyə müraciət edərək qərarı əldə etmiş və qərarın surəti rəsmi qaydada poçt vasitəsi ilə 08 dekabr 2023-cü il tarixdə almışdır. O, inizbati xəta aşkar olunun zaman bələdiyyə sədri vəzifəsində işləməmişdir. Qanunun bu maddəsi ona şamil edilə bilməz, bu səbəbdən həmin qərarı qanunsuz və əsassız hesab edir. Ona görə də Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 11 may 2023-cü il tarixli, MN №1290885 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə ünvanına bildiriş göndərilməsninə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 may 2023-cü il tarixli, MN №1290885 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 12 aprel 2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 11 may 2023-cü il MN №1290885 saylı qərarının surətini X3 08 dekabr 2023-cü il tarixdə almışdır. İş materiallarına əlavə edilmiş Yardımlı Rayon Sırıq bələdiyyəsinin 10 aprel 2023-cü il tarixli, 08 nömrəli protokolunun surətindən görünür ki, X3 həmin tarixdən ərizəsinə əsasən bələdiyyə sədri vəzifəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 may 2023-cü il tarixli, MN №1290885 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 12 aprel 2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X1 və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi halı sübuta yetmir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 10 aprel 2023-cü il tarixdən Yardımlı Rayon Sırıq bələdiyyəsinin sədri vəzifəsindən azad edilmiş, 12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, 11 may 2023-cü il tarixdə isə həmin protokol əsasənda MN №1290885 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da X2 həmin inzibati xətanı törədilməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1, 135.1.1-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; -bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxsinin inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. İnzibati Xəta Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhz X2 inzibatə xəta törətməsi barədə məhkəməyə hər hansı dəqiq sübut təqdim edilməmiş, bu barədə akt tərtib edilsə də, işin halları ilə həmin hallar tam sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X2 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 11 may 2023-cü il tarixli, MN №1290885 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin qərar əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 (iki min) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 11 may 2023-cü il tarixli, MN №1290885 saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar