Məhkəmə qərarları › İş №3(038)-217/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-217/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-217/2025 12.05.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşgul olan, əlilliyi olmayan, Yardımlı rayonu Dəlləkli kəndində qeydiyyatda olmaqla, Goranboy rayonunda yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Notariat ofisinin xüsusi notariusunun xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli icra qeydlərini, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1832/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 12 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 bildirmişdir ki, Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya şöbəsinin icraatına Yardımlı rayon Notariat ofisinin xüsusi notariusunun xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli icra qeydlərini və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1832/2024 saylı icra sənədini daxil daxil olmuşdur. İcra sənədləri üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişlər, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs barəsində axtarış verilmiş və Şəxs Yardımlı rayon polis əməkdaşları tərəfindən saxlanılaraq Yardımlı rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Hazırda Şəxs hər üç icra sənədi üzrə borcu 23246.34 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı rayonu Dəlləkli kəndində qeydiyyatda olsa da Goranboy rayonuda kirayədə yaşayır. İşləmədiyindən barəsidə olan icra sənədlərini icra etməmişdir. Hərəkətlərindən peşmandır və hər ay 100 manat ödəniş edəcəyinə söz verir.Göstərdiklərini nəzərə alaraq vaxt verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı rayon Notariat ofisinin xüsusi notariusunun xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 10167 manat 64 qəpik, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10192 manat 64 qəpik pul Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yardımlı rayon Notariat ofisinin xüsusi notariusunun xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 593 manat 56 qəpik, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 618 manat 56 qəpik pul Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1832/2024 saylı icra sənədinə əsasən Şəxs 4035 manat 59 qəpik borc və 163.72 manat dövlət rüsumu məbləğində pul alınaraq Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidr. İcraata başlamaq haqqında qərarlardan görünür ki, icra sənədləri üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə və digər orqanlar tərəfindən verilmiş icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:00-dan hesab edilsin. Qərar dərhal icra olunsun Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar