Məhkəmə qərarları › İş №3(038)-259/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-259/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-259/2024 05.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun qanuni nümayəndəsi X3 və vəkili X1, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2006-cı il tarixdə Yardımlı rayonu, Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, hazırda ailə təhsil müəssisəsində təhsil alan, işsiz, Yardımlı rayonu, Yardımlı şəhəri ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18 avqust 2024-cü il tarixdə saat 20:00 radələrində Daşkənd küçəsində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Nəticədə ona İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, hadisə günü Zərərçəkmiş şəxs qapılarının ağzından keçərkən onların iti üstünə cummuşdur. O da qorxaraq hasara çıxıb gəlib iti bağlamaqlarını qışqırmışdır. Lakin Zərərçəkmiş şəxs qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Lakin sonuncu gələrək onu yumruqla vurmuş, qulağından tutub çəkmiş, dodağını qanatmışdır. Aralarındakı mübahisə ümumilikdə 5-10 dəqiqə çəkmişdir. Həmin vaxt orada heç kim olmamış, sonradan atası və anası gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək inzibati iş ürə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, axşamçağı həyətdə oturarkən həyətin arxa tərəfindən səs eşitmiş və Şəxs itdən qorxduğu üçün hasarın üzərinə çıxdığını görmüşdür. İtləri qovmuş və ona danasını da götürüb getməsini bildirmişdir. Sonradan itlər yenidən Şəxs tərəf gəlmiş və bu zaman o qışqıraraq ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman ətrafda ikisindən başqa heç kim olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında izahat verərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs barəsində İXMnin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Yardımlı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT X6 Şəxsinin verdiyi 22 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Şəxs sağ qulaqarxası nahiyənin qançırı, üst dodağın bayır hissəsinin sıyrığı və aşağı və yuxarı dodağın iç hissəsində qansızma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və işdə iştirak edən digər şəxslərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-nin 75-ci maddəsinə əsasən: inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən: 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qeyd olunan inzibati xətanın tərkibi, yəni ictimai qaydanı pozan hərəkətlərin mövcudluğu məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübuta yetirilmir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, aralarındakı mübahisə zamanı, yəni Şəxs ona qarşı nalayiq ifadələr işlədərkən ətrafda heç kəs olmamışdır. Halbuki İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta tərkibinin yaranması üçün ilk növbədə ictimai qaydanın pozulması halı olmalıdır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar