Məhkəmə qərarları › İş №3(038)-271/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-271/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-271/2025 13.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Yardımlı rayonu, Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Buzovna qəsəbəsi ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2748/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 13 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2748/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə icra sənədini tam həcmdə icra etmir. Hazırda 4040 manat aliment borcu vardır. Tələbkar borcun hissə-hissə ödənilməsinə razı deyil, şikayətçidir. Şəxs icra sənədinin könüllü icra edilməməsinin nəticələri ilə bağlı xəbərdar etmişdir. Həmçinin Şəxs qeyd edilən icra sənədi üzrə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini qəsdən deyil, maddi imkanı olmadğından tam həcmdə yerinə yetirə bilmir. Avtomobil qəzasında iş qabiliyyətini 50 % itirmişdir, hazırda pensiyası müvəqqət dayandırılmışdır. Hər gün işə çıxa bilmir və bu səbəbdən alimenti vaxti-vaxtında ödəyə bilmir. Məhkəmə iclasına qəbz təqdim edərək gün 1200 manat aliment borcundan ödədiyini bildirmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2748/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdiirilərək cavabdeh Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 210 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs mülkiyyətində əmlak yoxdur. 13 iyun 2025-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs 1200 (bir min iki yüz) manat aliment borcundan ödəmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2748/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, yəni inzibati xəta tərkibinin obyektiv cəhəti şəxsin icra sənədini üzrsüz səbəbdən – qərəzli olaraq icra edilməməsində əks olunur. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, sonuncuya tərtib edilmiş inzibati protokoldan görünür ki, 2024-cü ildən təyin edilmiş aliment borcu üzrə Şəxs ödənilməmiş 4040 manat aliment borcu qalmışdır, sonuncu isə aliment borcunun maddi imkanının olmaması ilə əlaqədar olduğunu bildirmişdir, yəni onun üzrsüz səbəbdən icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Belə ki, həm protokol tərtib etmiş səlahiyyətli orqanınb nümayəndəsinin, həm də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarından da müəyyən olunur ki, Şəxs icra sənədi üzrə müəyyən edilmiş aliment məbləğini səhəti və maddi imkanı yol vermədiyindən icra sənədi üzrə müəyyən edilmiş aliment məbləğni tam şəkildə ödəyə bilməmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə aliment borcunudan 1200 manat ödəmişdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin obyektiv cəhəti - inzibati xəta tərkibi mövcud olmadığından, yəni icra sənədinin qərəzli olaraq icra etməməsi sübuta yetirilmədiyindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar