Məhkəmə qərarları › İş №3(038)-323/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-323/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-323/2025 02.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, barəsində edilmiş inzibati xəta haqqında protokol tərtib edilmiş Yardımlı rayonu Porsova bələdiyyəsinin sədri X2, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) nümayəndəsi X1 iştirakı ilə, Yardımlı rayonu Porsova bələdiyyəsinin barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayonu Porsova bələdiyyəsi tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməməsinə görə Yardımlı rayonu Porsova bələdiyyəsi barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 253-1.1.3-cü maddəsi ilə MN seriyalı, ******* №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan-1 saylı RETSİ-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarına əsasən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati əraziləri üzrə bələdiyyələrdən 20 fevral 2025-ci il tarixədək tabeçiliyində olan yaşıllıqların hesabatı 29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkılərinə görə sonra 1 saylı RETSİ-yə təqdim edilməli olduğu halda Yardımlı rayonu Porsova bələdiyyəsi tərəfindən tədim edilməlı olduğu halda, əlavə olaraq 01 aprel 2025-ci il tarixədək vaxt verilməsinə baxmayaraq Yardımlı rayonu Porsova bələdiyyəsi tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları təqdim etməmişdir. Bu səbəbdən Yardımlı rayonu Porsova bələdiyyəsinin barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253- 1.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində edilmiş inzibati xəta haqqında protokol tərtib edilmiş Yardımlı rayonu Porsova bələdiyyəsinin sədri X4 izahatında bildirmişdir ki, 2024-cü il də həmin hesabatın verilməsi barədə müraciət olunmuş və şifahi formada məlumat Regional Ədliyyə Şöbəsinə verilmişdir. Bələdiyyəyə həmin məlumatların hər il verilməsi barədə şifahi və ya yazılı formada məlumat daxil olmamışdır. Protokolun tərtib olunması barədə məktubu isə dünən almışdır. Onlara hər il hesabat verilməsi barədə məlum verilməmiş və bu barədə Nazirlər Kabinetinin qərarının olduğunu da bilməmişdir. İş materiallarında olan: 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 92539 N-li aktdan görünür ki, “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarına əsasən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Yardımlı rayonu Porsova bələdiyyəsi tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları təqdim edilməmişdir. Beləliklə, Yardımlı rayonu Porsova bələdiyyəsi İXM-nin 253-1.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydaları»nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarına əsasən təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.1 və 1.2, 1.4 və 1.5-ci bəndlərindəqeyd olunur ki; 1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hazırlanmışdır və meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə şamil edilir. 1.4. Yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. 1.5. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Göründüyü kimi şəxsin əməlində İXM-nin 253-1.1.3-cü maddəsinin tərkibi o halda yaranır ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsin. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Yardımlı rayonu Porsova bələdiyyəsinin əməlində İXM-nin 253-1.1.3-cü madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibat xəta haqqında protokol, tərtib edilmiş xx.xx.2025-ci il tarixli akt və digər sənədlərlə sübuta yetirilir. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, Yardımlı rayonu Porsova bələdiyyəsi tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Yardımlı rayonu Porsova bələdiyyəsi qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş hüquqi şəxs Yardımlı rayonu Porsova bələdiyyəsinə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Yardımlı rayonu Porsova bələdiyyəsi haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, təqsirin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Yardımlı rayonu Porsova Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 3.000( üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar