Məhkəmə qərarları › İş №3(038)-61/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-61/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-61/2024 14.03.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi , Məhkəmənin iclas katibi K1 katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1996-cı ildə Lerik rayonu Çayrud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Lerik rayonu Çayrud kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon İcra və Probasiya Şöbəsinin tərtib etdiyi 14 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(038)-22/2022 nömrəli, 17 mart 2022-ci il tarixli, 2(038)-53/2022 nömrəli, 17 mart 2022-ci il tarixli, 2(038)-54/2022 nömrəli və 23 noyabr 2023-cü il tarixli 2(038)-189/2023 nömrəli icra sənədləri üzrə borclu Şəxs məhkəmə qətnamələrini üzürlü səbəb olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onun mobil telefonuna polis əməkdaşları zəng edən kimi, şöbəyə yaxınlaşmış və ona məlum olmuşdur ki, barəsində Yardımlı rayon məhkəməsinin qərarlarını icra etmədiyinə görə Yardımlı rayon İcra və probasiya şöbəsi tərəfindən axtarış qərarı verilmişdir. Yardımlı rayon İcra və probasiya şöbəsinə gətirildikdən onun adına rəsmiləşdirilmiş "xxxx" MMC-nin vergidən yayındığına görə barəsində məhkəmə qərarlarının olduğunu və bu səbəbdən axtarışa verildiyini bilmişdir. Özü Lerik rayonu Çayrud kəndində qeydiyyatda olsa da, "xxxx" MMC-nin ünvanı Yardımlı rayonu Ərus kəndidir. Onun "xxxx" MMC-dən xəbəri yoxdur, həmin müəssisəni ümumiyyətlə işlətməmişdir. Bu barədə aidiyyəti üzrə polis və vergi orqanlarına müraciət etmiş, hazırda istintaq gedir və bir neçə şəxs yaxalanmışdır. Onun adına açılmış vöeni və imzanı dayandırmışdır. Ümumiyyətlə onun hər- hansı müəssisəsi olmamışdır. Heç yerdə işləmir, maddi gəliri yoxdur. Odur ki, onun barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs barəsində şöbənin icraatına Yardımlı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(038)-22/2022 nömrəli, 17 mart 2022-ci il tarixli, 2(038)-53/2022 nömrəli, 17 mart 2022-ci il tarixli, 2(038)-54/2022 nömrəli və 23 noyabr 2023-cü il tarixli 2(038)-189/2023 nömrəli icra sənədləri daxil olmuş və icra sənədlərinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Lakin Şəxs icra şöbəsində izahat verərkən "xxxx" MMC-nin rəhbəri olmadığını, hansısa şəbəkənin onun adından MMC açdığını və bu barədə aidiyyəti orqanlara müraciət etdiyini bildirmişdir. Məhkəmə qərarlarından xəbəri olmadığını bəhanə gətirərək icra sənədinin icrasını bu günədək təmin etməmiş və 6000 manat vergi borcu vardır. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(038)-22/2022 nömrəli, 17 mart 2022-ci il tarixli, 2(038)-53/2022 nömrəli, 17 mart 2022-ci il tarixli, 2(038)-54/2022 nömrəli və 23 noyabr 2023-cü il tarixli 2(038)-189/2023 nömrəli icra sənədləri üzrə borclu Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Protokol tətib olunan zaman Şəxs vergi borcu 6000 manat təşkil etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs onun adına rəsmiləşdirilmiş "xxxx" MMC-nin olduğunu bildikdən sonra aidiyyəti orqanlar müraciət etmiş və həmin fakt üzrə istintaq aparılır. Eyni zamanda onun barəsində icra sənədlərinin olduğundan xəbəri olmamışdır. Bütün qeyd edilənlərə əsasən borclu Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Həmin Məcəllənini 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənini 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlinda Azərbaycan Respublikasının İXM-nin 528.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında başlanmış icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərar aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayion məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar