Məhkəmə qərarları › İş №3(038)-87/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-87/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-87/2023 18.05.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Xanoğlan oğlunun sədrliyi , T1 katibliyi, Yardımlı rayon prokurorunun böyük köməkçisi X1, Zərərçəkmiş şəxs, İnzibatı xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxx 1984-cü ildə Yardımlı rayonu Ostair kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Yardımlı rayonu Dəlləkli kənd ümumi orta məktəbində müəllim işləyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Ostair kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon Prokururluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon Prokururluğundan daxil olmuş 12 may 2023-cü il tarixli inzibatı xəta haqqında iş üzrə icraatın başlaması haqqında qərardan görünür ki, Şəxs 28 aprel 2023-cü il tarixdə Yardımlı rayonu Dəlləkli kənd ümumi orta məktəbinin inzibati binasında direktor Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Yardımlı rayon Dəlləkli ümumi orta məktəbində müəllim vəzifəsində işləyir. Zərərçəkmiş şəxs 10 mart 2023-cü il tarixdən Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbinə direktor təyin olunmuş və direktor təyin olunduğu vaxtdan onunla yola getmir. 28 aprel 2023-cü il tarixdə oğlu Bəhrəm məktəbin həyətində sinif yoldaşları ilə oyun oynayan zaman, Zərərçəkmiş şəxs qardaşı qızı Vüsalə ilə aralarında topla bağlı mübahisə olmuşdur. Daha sonra uşaqların arasındakı mübahisəni yoluna qoyduqdan sonra, 6-cı sinifə dərs dediyi zaman, direktor Zərərçəkmiş şəxs onun otağıma daxil olaraq, ona kobud şəkildə iradlarını bildirərək, oğluna niyə düzgün istiqamət vermədiyini, oğlunun onun qardaşı qızını döydüyünü demişdir. O da direktorun hərəkətlərindən təsirlənərək dərs bitdikdən sonra məsələni aydınlaşdıracaqlarını demişdir. Direktor onu danışmaq üçün öz otağına dəvət etmiş və onunla yenə də kobud rəftar etməyə davam etmişdir. O, oğluna Vüsalə ilə mübahisə etmək üçün hər hansı bir göstəriş vermədiyini, oğlunun 1-ci sinif uşağı olduğunu, onun qardaşı qızını şillələmək kimi niyyətinin olmadığını bildirmişdir. Daha sonra Pərvin onunla kobud şəkildə rəftar etdikdən sonra, o da Pərvinə aidiyyəti qurumlara şikayətlər edəcəyini bildirmişdir. Daha sonra direktorla otaqda mübahisə edərək, öz etirazını bildirərkən əsəbləşərək stola vurduğu üçün, stolun üstündə olan kalkulyator yerə düşərək sınmışdır. O, direktorun etdiyi təhqirlərə cavab vermiş, onu döyməmişdir. Şəxs inzibati xəta törətməsi zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahat və iş materialları ilə də təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayından Yardımlı rayon Dəlləkli ümumi orta məktəbində direktoru vəzifəsində işləyir. İşlədiyi dövrdə məktəbin ibtidai sinif müəllimi Şəxs tədrisin gedişatına maneçilik törətmişdir. Belə ki, 28 aprel 2023-cü il tarixində onun qardaşı qızı Vüsalə Səlimli səhər saatlarında sinif yoldaşları ilə məktəbin həyətində voleybol oynayarkən Şəxs oğlu Bəhrəm Quliyev qardaşı qızı Vüsalə Səlimli ilə mübahisə etmiş, sonra Vüsalə Səlimlı sinif yoldaşları ilə söhbət edən zaman qəfildən yaxınlaşaraq Vüsalənin göz nahiyəsinə yumruqla zərbə endirmiş, daha sonra yerdəki daşı götürərək Vüsalənin topuq nahiyəsinə atmışdır. Həmin zaman Şəxs dərs dediyi sinif otağının pəncərəsindən baş verən hadisələri izləmiş, lakin heç bir reaksiya verməmişdir. O, bu barədə məlumatı məktəbin uşaq birliyinin rəhbəri Səbinə Rəhimlidən öyrəndikdən sonra, dərhal Şəxs dərs dediyi otağa yaxınlaşaraq, dərs rejimini pozmadan niyə Bəhrəmin qardaşı qızını döydüyünü soruşmuş, Fariz isə ona uşaqların mübahisə etdiyini, lazım gələrsə prokurorluğa müraciət etməsini bildirmişdir. Daha sonra Fariz yaranmış situasiyanın gərginliyindən istifadə edərək, məktəbin kolidorunda səs-küy salmış, günorta saatlarında onunla söhbət edəcəyini bildirmişdir. O, Farizin bu hərəkətlərinə məhəl verməyərək direktor otağına qayıtmışdlır. Təxminən 13:30 radələrində Şəxs onun otağının qapını döymədən içəri daxil olmuş, onun ünvanına təhqir edici sözlər söyləyərək, “Səni bu vəzifədə işləməyə qoymayacağam” demişdir. O, Farizin bu hərəkətlərinə reaksiya vermədikcə Fariz daha da qıcıqlanaraq, hərəkətlərinə davam edərək onun çənəsini sıxmış, yenidən təhqir dolu sözlərinə davam edərək, otaqda olan stolun üzərinə yumruq vurmuş, stolun üzərində olan kalkulyatoru əlinə alaraq ona vurmaq istəmiş, daha sonra isə kalkulyatoru sərt forma stolun üstünə atmış və kalkolyator yerə düşərək sınmışdır. Şəxs bu hərəkətləri ilə məktəb daxili normaları, etik davranış qaydalarını, ictimai qaydanı kobud surətdə pozmuş, tədrisin norma fəaliyyətdə gedişatına maneçilik törətmişdir. O, Farizin şər-böhtan xarakterli hərəkətlərə yol verəcəyinin bildiyindən, onun bu formada hərəkətlərinə heç bir reaksiya verməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Yardımlı rayon prokurorunun böyük köməkçisi X2 məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində seçiləcək tənbeh tədbirinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan 12 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli inzibatı xəta haqqında iş üzrə icraatın başlaması haqqında qərardan görünür ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanmış, iş aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar