Məhkəmə qərarları › İş №3(038)-89/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-89/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-89/2025 24.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, məhkəmə iclasının katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 iştirakı ilə, xx xxxx 1977-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olan və yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Yardımlı Mərkəzi Rayon Xəstəxanasının qarşısında, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən, xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 24 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 bildirmişdir ki, Şəxs 23 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Yardımlı Mərkəzi Rayon Xəstəxanasının qarşısında, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən və xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 23 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində spirtli içi qəbul etdikdən sonra Yardımlı Mərkəzi Rayon Xəstəxanasının qarşısında əsəbləşdiyindən ucadan və əsəbi şəkildə danışmışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq ondan sakit danışmağını tələb etmiş və o əsəbi halda olduğu üçün onlara aqressiv cavab vermişdir. Özünü təqsirli bilir, törətdiyi əməldən peşimandır. Səhvini başa düşür və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Əlilliyi yoxdur. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 23 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Yardımlı Mərkəzi Rayon Xəstəxanasının qarşısında PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs2 ilə birlikdə xidmət apararkən bir nəfər şəxsin küçədə ucadan hay küy salaraq ictimai qaydanı kobud şəkildə pozduğunu görüb, ona yaxınlaşıb nizam intizama dəvət tsələd də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirdi. Onlar özlərini ona təqdim etdikdən sonra yol verdiyi ictimai qayda pozuntusuna və xuliqanlıq hərəkətlərini davam etdirdiyinə görə bu hərəkətlərə son qoymasını tələb ediblər, Şəxs onların tələblərinə qəsdən tabe olmadığına görə onu şəxsi iradəsinə zidd olaraq Yardımlı RPŞ-nə gətiriblər. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri kiçik polis serjantı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 23 yanvar 2025-ci il tarixdə saat 17 radələrində tərtib olunmuş qrafik üzrə Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs1 ilə Yardımlı şəhərində xidmətdə olarkən Yardımlı Mərkəzi Rayon Xəstəxanasının qarşısında bir nəfər şəxsin küçədə ucadan hay küy salaraq ictimai qaydanı kobud şəkildə pozduğunu görüb, ona yaxınlaşıb nizam intizama dəvət tsələd də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirdi. Onlar özlərini ona təqdim etdikdən sonra yol verdiyi ictimai qayda pozuntusuna və xuliqanlıq hərəkətlərini davam etdirdiyinə görə bu hərəkətlərə son qoymasını tələb ediblər, Şəxs onların tələblərinə qəsdən tabe olmadığına görə onu şəxsi iradəsinə zidd olaraq Yardımlı RPŞ-nə gətiriblər. İş materiallarına əlavə olunmuş X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Adişov X2 Rayon Məhkəməsinin 3(038)-127/2023 №-li 10 avqust 2023-cü il tarixli qərarı ilə, İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Adişov X2 Rayon Məhkəməsinin 3(038)-174/2024 №-li 20 iyun 2024-cü il tarixli qərarı ilə, İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq olunmuşdur. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Şəxs himayəsində xx.xx.2013-cü ildə doğulmuş X5, xx.xx.2015-ci ildə doğuılmuş X7, xx.xx.2017-ci ildə doğulmuş X6, xx.xx.2019-cu ildə doğulmuş X8 olmaqla 4 yetkinlik yaşına çatmayan uşağı vardır. «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» barədə 23 yanvar 2025-ci il tarixli aktdan görünür ki, müayinə zamanı Şəxs 2.75 promil alkoqol sərxoşluğu aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 23 yanvar 2025ci il tarixdə, saat 17 radələrində Yardımlı Mərkəzi Rayon Xəstəxanasının qarşısında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 331.2 və 331.1.7-ci maddələrinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı sərxoş halda törətməsi və əvvəllər də eyni əmələ görə barəsində inzibati tənbeh tədbiri tətbq olunmasına baxmayaraq məhkəmə qərarının qüvvəyə mindiyi gündən bir il keçməmiş təkrarən həmin əməlləri törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 33.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşman olması, habelə himayəsində 4 azyaşlı uşağının olmasını onun məsuliyətini yüngülləşdirən hallar kimi müəyyən olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ona aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 1(bir) ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 23 yanvar 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar