Məhkəmə qərarları › İş №3(038)-94/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-94/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-94/2025 31.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X2 iştirakı ilə, xx.xx.1962-ci ildə Yardımlı rayonu Zenqaran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Cəlilabad rayonu Mollalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Yardımlı rayonu, Anzov kəndində qardaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirdiyinə görə Şəxs barəsində Yardımlı rayon polis şöbəsinin sahə rəisi X4 tərəfindən İXM-nin 157-ci maddəsi ilə 31 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X4 bildirmişdir ki, Binyətov X1 rayonu Anzov kəndində yerləşən ata mülkünə görə ailə münasibətləri zəminində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə və Yardımlı RPŞ-nə müraciəti özü etmişdir. Cəlilabad rayonu Mollalı kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. Həmin müraciət ilə bağlı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs Yardımlı RPŞ-nə etdiyi müraciət ilə bağlı onu polis Şöbəsinə dəvət etmişlər. Yardımlı RPŞ-nin rəisi onu qəbul etmiş və tövsiyyələrini vermişir. O şöbədən çıxıb anasına məxsus olan Yardımlı rayonu Anzov kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Yolda olan zaman X7 ona telefonla zəng edib qardaşı Zərərçəkmiş şəxs anasına məxsus olan evin həyətyanı sahəsində özbaşına şumlama işləri gördürdüyünü demişdir. O bu barədə yolda Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə zəng edib məlumat vermişdir. Həmin evin həyətinə çatmış və traktorla şumlama işlərini görüb tratorun sürücüsünə həyətdən çıxmasını bildirmiş və traktor sürücüsü həmin həyətdən çıxıb getmişdir. Traktor çıxandan sonra Vilayətə yaxınlaşmış və ona niyə həyəti şumlatdırdığını soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə onun baş nahiyyəsinə vurmuş və o yerə yıxılmışdır. X7 yanına gəlmiş və onları aralaşdırmışdır. Aydın Zərərçəkmiş şəxs əlində olan ağacı almışdır. Həmin vaxt aralarında olan dava böyümüş və bir-birinə vurmağa başlamışlar. O da əli ilə və təpik zərbəsi ilə Zərərçəkmiş şəxs bədən nahiyyəsinə vurmuşdur. Həmin vaxt hadisə yerində başqa adam olmamışdır. Hadisə vaxtı qardaşı Aydın Zərərçəkmiş şəxs döyməmiş və onları aralaşdırmışdır. Əvvəllər də bir neçə dəfə həmin ev üstündə onların arasında narazılıq olmuşdur və polis şöbəsində araşdırma aparılmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, Yardımlı rayonu Anzov kəndində qeydiyyatdadır və Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə və Yardımlı RPŞ-nə müraciəti özü etmişdir. Həmin müraciət ilə bağlı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 12:30 radələrində anasına məxsus olan Yardımlı rayonu Anzov kəndində yerləşən yaşayış olmayan evə gəlmiş və həyəti şumlatdırmaq istəmişdir və bunun üçün də traktor sürücüsünə zəng etmişdir. Bir az vaxt keçəndən sonra traktor həmin evin həyətinə gəlmiş və həyətyanı sahəsini şumlamağa başlamışdır. Bir az sonra X7 oraya gəlmişdir. Aydın Binyətov traktor sürücüsünə yaxınlaşmış və onun ilə söhbət etmişdir. Həmin vaxt digər qardaşı Şəxs da oraya gəlmişdir. X10 və Şəxs onun üstünə hücum çəkmişlər və onu döyməyə başlamışlar. Həmin vaxt onların hər ikisinin əlində ağac parçası olmuş və onu həmin ağac parçaları ilə döymüşlər. Əlində həmin vaxt heç bir əşya olmamışdır. Özünü qorumaq üçün qolları ilə başını qorumaq istədikdə həmin ağac parçaları onun qol nahiyyələrinə və bədəninin müxtəlif nahiyyələrinə dəymişdir. Əvvəllər də bir neçə dəfə həmin ev üstündə onların arasında narazılıq olmuşdur və polis şöbəsində araşdırma aparılmışdır. Hadisə zamanı müxtəlif xəsarətlər almışdır, Şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Yardımlı Rayon Polis X3 təhqiqatçısı, polis kapitanı X6 tərəfindən 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Şəxsnın əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxsnın barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT X5 Şəxsin verdiyi xx.xx.2025-ci il tarixli 3 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - başın alın nahiyyəsinin tüksüz hissəsinin, sağ saidin orta və aşağı 1 \3nin arxa hissəsinin, sol saidin aşağı 1 \3-nin arxa hissəsinin sıyrıqları və sol bud nahiyyəsinin qançırları bərk küt əşyanın/əşyaların təsirindən törənmişdir, törəmə müddəti tibbi sənəddə qeyd olunan vaxta, yəni, 10.01,2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti təkcə zərərçəkmiş şəxsin döyülməsini deyil, zorakı həkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirmədə də ifadə olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın qeyd olunan inzibati xətaları törətməsində 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500(beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar