Məhkəmə qərarları › İş №3(039)-1006/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1006/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1006/2025 25.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızını sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin 11 iyun 2025-ci il tarixli, EQ 28514751 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ 28514751 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və ona tətbiq edilmiş 600,0 manat məbləğində cərimənin əsassız hesab edilərək silinməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ 28514751 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında o, İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600,0 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, şikayətə əlavə etdiyi yük-nəqliyyat qaiməsinə əsasən hesab edir ki, barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında X2 izahat verərək bildirdi ki, onun barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 23:43:34-də etibarnamə əsasında idarə etdiyi "DAF XF 105.460 Yük" markalı ** XZ *** dövlǝt qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində hərəkətdə olarkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. "DAF XF 105.460 Yük" markalı ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, etibarnamə əsasında idarə edir. Həmin avtomobillə şirkət üçün məhsul daşıyır. Yükü avtomobilə yükləyərkən onu tərəzidə çəkdirir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Həmçinin yükü göndərən təşkilatda yükü göndərərkən onu çǝkǝrǝk alıcı şirkətə təhvil verir, yükü göndərən təşkilatın da yükü azaltmaq kimi marağı ola bilməz, cünki bu birbaşa onun özünə ziyandır. Yük avtomobilə yüklənərkən xüsusi serfikatı olan tərəzi ilə çəkilmişdir (serfikat şikayətə əlavə olunub). Avtomobila maksum 40000 kq- yük aparılmasına limit vardır. İdarə etdiyi avtomobilin yüklə birlikdə çəkisi 39940 kq olmuşdur. Bu yol qaiməsində öz əksini tapmışdır (qaimə şikayətə əlavə olunubr). Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir.Onun avtomobilində artıq yük olmamış, yükü göndərən təşkilatın onun serfikatlı tərəzidə çəkərək dəqiq kütləsini bildiyim üçün avtomobildə artıq yük ola bilməz. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİNnin BDYPİ-nin 11 iyun 2025-cü il tarixli, EQ 28514751 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş X4 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 11 iyun 2025-cü il tarixli, EQ 28514751 nömrəli qərardan aydın olur ki, X1 11 iyun 2025-cü il tarixdə saat 23:43-də idarə etdiyi «DAF XF 105.460» yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir; Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 11 iyun 2025-cü il tarixdə, saat 23:43-də «DAF XF 105.460 yük» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42630 kq olmuşdur. Şikayətçinin iş materiallarına əlavə etdiyi 11 iyun 2025-ci il tarixli yol qaiməsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə, yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verməmişdən əvvəl avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Şikayətçinin iş materiallarına əlavə etdiyi ölçmə vasitəsinin yoxlanılması haqqında şəhadətnamənin isə hansı tərəziyə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 11 iyun 2025-ci il tarixdə saat 23:43-də idarə etdiyi «DAF XF 105.460 yük» yük markalı ** XZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 11 iyun 2025-ci il tarixli, EQ 28514751 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin 11 iyun 2025-ci il tarixli, EQ 28514751 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar