Məhkəmə qərarları › İş №3(039)-1011/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1011/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1011/2025 02.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərmişdir. Həmçinin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərmiş və 3(039)- 1014/2025 nömrə ilə qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 3(039)-1014/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə 3(039)-1014/2025 nömrəli iş hazırki inzibati xəta haqqında işlə birləşdirilmişdir. İnzibati xəta haqqında protokollara əsasən müəyyən edilmişdir ki, hüquqi şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin sorğularına əsasən mülkiyyətində olan «HYUNDAİ SONATA minik» markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və «LADA 21214 minik» markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə verməmişdir. Məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, İdarəyə məxsus olan «HYUNDAİ SONATA minik» markalı, ** AA *** dövlət qeydiyyat nişanlı və «LADA 21214 minik» markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğular gəlmiş, lakin İdarə tərəfindən həmin nəqliyyat vasitələrinin idarə edilməsi zamanı törədilmiş inzibati xətalarla bağlı protokolun tərtib edilməsi gözlənilmişdir ki, cəriməni ödəsinlər. Daha sonradan İdarə tərəfindən sorğu edilən bütün məlumatlar xx.xx.2025-ci il tarixdə Yexlax rayon polis şöbəsinə göndərilmiş, həmçinin bütün cərimələr ödənilmişdir. Göstərilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin sorğu məktublarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi mülkiyyətində olan «HYUNDAİ SONATA minik» markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə, «LADA 21214 minik» markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən həmin nəqliyyat vasitələrini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxslər haqqında məlumat verilməsi hüquqi şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi xahiş olunmuşdur; İş materiallarında olan xəbərnamələrdən görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin sorğu məktubları müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi çatdırılmış və tərəflərindən təhvil alınmışdır. DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin polis kapitanı X3 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi sorğuya əsasən mülkiyyətində olan «HYUNDAİ SONATA minik» markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin polis kapitanı X3 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi sorğuya əsasən mülkiyyətində olan «LADA 21214 minik» markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə mülkiyyətində olan nəqliyyat vasitələrini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxslər haqqında məlumat verilməsi barədə sorğular göndərilmiş, sorğular hüquqi şəxs tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, hüquqi şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsinin etirafedici izahatı və məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, hüquqi şəxs səlahiyyətli orqan tərəfindən ondan sorğu edilmiş məlumatları qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iş üzrə icraatı rədd edən hallar aşkar edilmədiyindən iş üzrə icraata xitam verilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar