Məhkəmə qərarları › İş №3(039)-1046/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1046/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1046/2022 10.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X17 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X9, Zərərçəkmiş şəxs X5, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1979-cu ildə Bərdə rayonunun Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Yevlax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixində saat Şəxs X5 etibarından sui istifadə edərək qardaşı Rufan Hüseynova sosial müavinat düzəltmək adı ilə onu aldatmış, ümumilikdə 400 manat pulunu ələ keçirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Yevlax rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X12 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində saat Şəxs X5 etibarından sui istifadə edərək qardaşı Rufan Hüseynova sosial müavinat düzəltmək adı ilə onu aldatmış, ümumilikdə 400 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Bərdə rayonunun Dəymədağıldı kəndində ailəsi ilə birlikdə yaşayır. Ruslan Hüseynovun pulunu ələ keçirmək məqsədi ilə onu bu formada aldatmışdır. Onun kimsəyə sosial müavinat düzəltmək məqsədi olmamış, istəyi pul ələ keçirmək olmuşdur. O cəmi 400 manat pul ələ keçirmiş və həmin vəsaiti də şəxsi ehtiyaclarına xərcləmişdir. Ziyanı ödəməyə imkanı çatmır. Hazırda əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində saat Şəxs onun etibarından sui istifadə edərək qardaşı Rufan Hüseynova sosial müavinat düzəltmək adı ilə onu aldatmış, ümumilikdə 400 manat pulunu ələ keçirmişdir. X18 danışığı belə olmuşdur ki, məsələnin həlli üçün ilk əvvəl hissə-hissə 400 manat pulu sonuncunun dediyi hesablara göndərsin, daha sonra isə düzələcək sosial müavinatın iki aylığını yəni əlavə 400 manatı Vuqara verəcəkdir. O, vədinə əməl edərək 400 manatı eManat aparatı vasitəsi ilə Vuqara göndərsə də, sonuncu vədinə əməl etməmiş, nəticədə onu aldatmışdır. Aldandığını analadıqdan sonra xx.xx.2022-ci il tarixdə DİN 102 xidmətinə müraciət etmişdir. Dələduzluq hadisəsi nəticəsində ona ümümilikdə 400 manat maddi ziyan dəymişdir. Şəxs hərəkətində inzibati xətanın deyil, cinayətin tərkibi olduğundan, cinayət işinin başlanması üçün işin materiallarının prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edərək müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Müdafiəçi X1 Vüqar İnqilab oğlu özünü təqsirli bildiyindən və hazırda əməllərindən peşman olduğunu nəzərə alaraq onun barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, işin materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş üzrə materiallar istintaq orqanına və prokurora göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallara əsasən müəyyən edilir ki, X7 zərərçəkmiş şəxs X5 qardaşına ümumilikdə 800 manat qarşılığında sosial müavinat düzəltmək adı ilə hissə-hissə 400 manat məbləğində pulunu ələ keçirərək sonuncuya maddi ziyan vurmuşdur. Bundan başqa, aşağıdakı sənədlərdə də X4 iş üzrə zərərşəkmiş şəxsin qardaşına sosial müavinat düzəltmək adı ilə hissə hissə onun 400 manat pulunu ələ keçirdiyi göstərilmişdir:  İnzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardad (MN № 0202954)  Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın əsaslandırması təsviri hissəsi  Zərərçəkmiş şəxs X5 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsi Göründüyü kimi, 14 may 2022-ci il tarixdən başlayaraq vahid niyyətlə törədilmiş əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 № -li qərarının 1-5-ci bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra — CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər (1-ci bənd). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (2-ci bənd). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3cü bənd). Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd) Məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir (5-ci bənd). Beləliklə, müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X5 qardaşına ümumilikdə 800 manat qarşılığında sosial müavinat düzəltmək adı ilə hissə-hissə 400 manat məbləğində pulunu ələ keçirərək sonuncuya maddi ziyan vurmuşdur. Həmin epizod üzrə Vuqar Mustafayevin ələ keçirmək istədiyi pulun məbləği beş yüz manatdan yuxarıdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən inzibati xəta barədə işdə cinayətin əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin məcəllənin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 09 noyabr 2022-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməli, Şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 09 noyabr 2022-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Yevlax Rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar