Məhkəmə qərarları › İş №3(039)-1053/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1053/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1053/2024 18.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmənin iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətandaşı, Yevlax rayon Xaldan Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Yevlax rayonu Yuxarı Salamabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs - Yevlax rayonu Xaldan bələdiyyəsinin sədri vəzifəsində işləyərkən “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsi, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Fərmanının 3.2-ci bəndin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.5, 2.3-2.9 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, Yevlax rayon Xaldan bələdiyyəsinin mülkiyyətində olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahatında hazırki baxılan inzibati xəta ilə bağlı özünü təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, o, Xaldan bələdiyyəsinin sədri olaraq bələdiyyənin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-dək, eləcədə 2023-cü il üçün sözügedən məlumatları da hesabat formasında tərtib edərək həmin tarixə Yevlax Şəhər İcra Hakimiyyətinə göndərmişdir. Yevlax RİH tərəfindən isə bütün kənd bələdiyyələrinin məlumatları ümumiləşdirilərək hesabat formasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həm kağız, həm də elektron daşıyıcılarda təqdim olunmuşdur. Bələdiyyənin mülkiyyətində olan yaşıllıqlar barədə hesabatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə kağız və elektron daşıyıcılarda təqdim olunmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edərək inzibati xəta hadisəsinin olmaması əsası ilə inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Yevlax rayonu Xaldan bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət edilməyərək bələdiyyənin mülkiyyətində olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil edilməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotu aparılmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir; Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavininin 59/2-139/2024 saylı xx.xx.2024cü il tarixli məktubundan görünür ki, 2023-cü il üçün Yevlax rayonu üzrə yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin məktuba əlavə olunmuş Yevlax rayonunun və kənd bələdiyyələrinin ərazisində mövcud olan yaşıllıqların uçot hesabatı barədə məlumatdan görünür ki, sözügedən hesabat cədvəlinin 40-cı sətrində Yevlax rayonu Xaldan bələdiyyəsinin ərazisində olan yaşıllıqlar barədə məlumatlar öz əksini tapmışdır. Mail.ru elektron poçt kabinetindən olan çıxarışdan görünür ki, “Yevlax rayonunun və kənd bələdiyyələrinin ərazisində mövcud olan yaşıllıqların uçot hesabatı” barədə məlumatlar xx.xx.2024-cü il tarixdə saat 16:14-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mailto:mingecevir_eko@mail.ruElektron ünvan elektron poçt ünvanına göndərilmişdir. “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 253-1.1.1 və 253-1.1.3-ci maddələrinə əsasən mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. İnzibati xəta haqqında materialı, vəzifəli şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, qeyd olunan inzibati xəta hadisəsinin mövcudluğu məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materallarından müəyyən edilir ki, Yevlax rayon Xaldan bələdiyyəsi üzrə mövcud yaşıllıqlar uçota alınaraq, 2023-cü il üçün Yevlax rayon Xaldan bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi barədə məlumatlar Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavininin 59/2- 139/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə kağız daşıyıcıda, habelə xx.xx.2024-cü il tarixdə saat 16:14-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mailto:mingecevir_eko@mail.ruElektron ünvan elektron poçt ünvanına elektron daşıyıcıda göndərilmişdir. Belə olan halda inzibati xəta hadisəsi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar