Məhkəmə qərarları › İş №3(039)-1100/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1100/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1100/2025 22.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Əliyar oğunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Protokolu tərtib edən orqan Yevlax RPŞ-nin DYP bölməsinin nümayəndəsi polis leytenantı X1, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Yevlax RPŞ-nin DYP bölməsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin DYP bölməsinin YPX-nin inspektoru polis polkovnik-leytenantı X3 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1 maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 400 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X5 xx.xx.2025-ci il tarixdə Yevlax rayon Nərimanabad kənd yolunda VAZ 2106 markalı ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə X5 Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax RPŞ-nin DYP bölməsinin qərarının ədalətli olmadığını bildirmişdir. Belə ki, o, X11 əməkdaşları tərəfindən saxlanılarkən sərxoşluq halı “Alkotestr”lə yoxlanmış və sərxoş olduğu müəyyən edilmişdir. Həmin vaxt onu tibbi müayinədən keçirilməsini istəmiş, lakin polis əməkdaşları onu müayinəyə aparmamışlar. Daha sonra Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə şikayət etsə də heç bir mənası olmamışdır. Onun özü həmin gecə tibbi müayinədən keçmək üçün Mingəçevir şəhərinə getsə də, ona polis əməkdaşları olmadığı halda tibbi müayinədən keçmək mümkün olmadığı bildirilmişdir. Daha sonra həmin gün saat 15:00 radələrində tibbi müayinədən keçmək üçün yenidən Mingəçevir şəhərinə gedərək yoxlanışdan keçmiş və sərxoş olmadığı müəyyən edilmişdir. “Alkotestr” rəyi ilə onun 9 promilli, yəni ağır sərxoş olduğu göstərildiyi halda tibbi yoxlama zamanı ayıq olması mümkün deyildir. Yevlax RPŞ-nin DYP bölməsinin YPX-nin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək Elvin Rəhimov 28-dən 29-na keçən gecə saat 1 radələrində saxlanılıb. Saxlanılan vaxtı ağır sərxoş dərəcəsində olub. “Alkotester”dən keçrilib və sərxoş olduğu məlum olub. Məhkəmədən qanunauyğun qərarın qəbul edilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokol tərtib olunmuşdur. X10 sərxoş olduğunu etiraf etdiyi üçün, tibbi müayinəyə aparılmasını zəruri hesab etməmişdir. Sərxoşluğunun etiraf etməsini təsdiq edəcək sübut yalnız alkotestr rəyidir. İnzibati xəta haqqında protokol tərtib edilərkən Elvin Rəhimov sərxoş olması barədə qeyd etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax RPŞ-nin DYP bölməsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarında qeyd edilir ki, Yevlax rayon Nərimanabad kənd yolunda VAZ 2106 markalı ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə X5 Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 400 manat cərimə tətbiq edilmişdir. İs materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Şəxs “Alkotester”dən keçirilərkən müvafiq protokol tərtib edilməmişdir. Həmin protokolda “Alkotester” rəyi ilə razı olub-olmaması öz əksini tapmır. Eyni zamanda şəxsin tibbi müayinəyə göndərilməsi barədə protokol tərtib olunsa da, tibbi müayinədən keçirilməmişdir. Beləliklə məhəkəmə belə qənaətə gəlir ki, şəxsin inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. X2 şikayəti təmin edilməli, barəsində Yevlax RPŞ-nin DYP bölməsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və işə yenidən baxılması (İXM-in 329.3-cü maddə) Yevlax rayon Polis Şöbəsinin DYPB-yə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax RPŞ-nin DYP bölməsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilsin. xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması (İXM-in 329.3-cü maddə) Yevlax rayon Polis Şöbəsinin DYPB-yə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar