Məhkəmə qərarları › İş №3(039)-1102/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1102/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1102/2022 19.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax rayonu Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 232-1 və 274cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 19 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 dekabr 2022-ci il tarixli qərarda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Şəxs spirtli içki və narkotik sərxoşluğu olduğu halda qaynatası Şirxan Səfərovun yaşadığı evin həyətindəki tövləyə girərək 3 ədəd toyuğun başını kəsərək öldürməklə və 1 baş inəyə bıçaqla xəsarət yetirməklə Ş.Səfərova 145 maddi ziyan vurmuş, heyvanlara qarşı rəhmsiz davranmış, bir neçə gün sonra arvadıl Elnurə Hacıyevaya sms yazaraq telefon vasitəsilə onu öldürməklə hədələmişdir. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi müəyyən olunmasada o, öz hərəkətləri ilə İXM-nin 206-cı maddəsində nəzərdə tutulan qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədilə olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsinə görə, İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan özgənin əmlakını qəsdən məhv edilməsinə görə və İXM-in 274-cü maddəsinə nəzərdə tutulan heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə inzibati məsuliyyət müəyyən edən inzibati xətalarını törətmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Şəxs spirtli içki və narkotik sərxoşluğu olduğu halda qaynatası Şirxan Səfərovun yaşadığı evin həyətindəki tövləyə girərək 3 ədəd toyuğun başını kəsərək öldürməklə və 1 baş inəyə bıçaqla xəsarət yetirməklə Ş.Səfərova 145 maddi ziyan vurmuş, heyvanlara qarşı rəhmsiz davranmış, bir neçə gün sonra arvadıl Elnurə Hacıyevaya sms yazaraq telefon vasitəsilə onu öldürməklə hədələmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, ailə daxilində baş vermiş mübahisələr səbəbilə hal-hazırda arvad Elnurə ilə ayrı yaşadıqlarını, boşanmadıqlarını, buna baxmayaraq mübahisələrinin davam etdiyini, təxminən bir ay əvvəl Elnurəni atası evindən gətirməyə gedəndə orada qaynanasıyla arasında mübahisə yarandığını və işə polis şöbəsində baxıldığını, onu polis şöbəsinə şikayət etdiyinə görə Elnurədən və atasından heyifçıxmağı qərara aldığını, xx.xx.2022-ci il tarixdə axşam saatlarında mağazadan spirtli içki alıb içmdiyini və sərxoş olduğunu, sonra evə getdiyini evdə uşaqlarının nadinclik etdiklərini və təzədən arvadıyla arasında olan mübahisənin mövzusu açıldığını, əsəbi halda evdən çıxıb Elnurə gil istiqamətinə getdiyini, sonrası barədə xəbəri olmadığını, Elnurə və atasının onu şikayət etdikləri üçün heyif çıxmaq niyyətinin əvvəldən olduğunu bildirmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Elgizin qızı Elnurə ilə 2008-ci ildən evli olduğunu, evliliyindən 2 övladlarının olduğunu, halhazırda qızıyla ayrıldıqlarını, Elgizin qızından ayrıldıqdan sonra qərəzli halda onlarla prinsip apardığını bildirmişdir. Bundan başqa sonuncu dəfə onun xx.xx.2022-ci il tarixdə axşam saatlarında tövlədən səs gəliyini eşitdiyini və dərhal evdən çıxıb tövləyə qaçdığını, evdən çıxanda tövlədəki şəxsin onun çıxdığını bilib uzaqlaşmaq istədiyini və hasarın üstünə çıxdığını, hasarın üstündə olan kürəkəni Elgizi şəxsən gördüyünü, Elgizin hasardan küçəyə tullanıb qaçdığını, tövləyə girəndə 3 ədəd toyuğunun başının kəsilib və başlarında toyuğların cəsədinin yanında olduğunu gördüyünü, işığı yandırıb inəyə baxanda isə inəyinin qarnına və belinə bir neçə dəfə bıçaqla xəsarət yetirildiyini, inəyin qarnından qan axdığını gördüyünü, Elgiz tövləyə nə məqsədlə girdiyini anladığını, daha sonra Elgizin atasına zəng etdiyini, Elgizin anasının telefonda ona “Elgiz hal-hazırda evdə yoxdur, atasıyla dalaşıb evdən çıxıb siz tərəfə getdi, hələdə geri qayıtmayıb” dediyini, Elgizin biri 15 manatdan olmaqla 3 ədəd toyuğunu öldürdüyünü, inəyinidə bıçaqla xəsarət yetirdiyini, lakin inəyin ölmədiyini, inəyinin müalicəsi üçün isə təxminən 100 manat pul xərclədiyini, Elgizin ona ümumilikdə 145 manat maddi ziyan vurduğunu, Elgizin onlara normal vəziyyətdə gəlmədiyini, həmişə gələndə sərxoş olduğunu, beləki Elgizin spitrli içki və narkotik vasitədən qəbul etdiyindən şübhələndiyini, hər dəqiqələrinin qorxu içərisində olduğunu, beləki Elgizin nə vaxt nə hərəkət edəcəyini bilmədiklərini bildirmişdir. Hazırda oğlu Elgizdən şikayətçi olduğunu və onun barəsində həbs növündə inzibati tənbeh tədbirin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və şahid X3 zərərçəkmiş şəxs X5 ilə eyni məzmunlu izahat vermişdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 232-1 və 274-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır.; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 274-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 232-1 və 274-cü maddələri maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi barəsində inzibati icraat aparılan şəxsin izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı) və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xəta törətmiş şəxsin sərxoş olmasını (İXM 33.1.7) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 17 dekabr 2022-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar