Məhkəmə qərarları › İş №3(039)-113/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-113/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-113/2024 06.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Yasamal rayon X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayon X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 80 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X2 xx.xx.2024-cü il tarixdə saat 17:30-da Bakı şəhəri M.Həsənov – A.M.Şərifzadə küçələrinin kəsişməsində idarə etdiyi “X4” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutlmuş xətanı törətmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, qeyd edilən qərarla razı deyil. Belə ki, o, idarə etdiyi avtomobillə Bakı şəhəri M.Həsənov – A.M.Şərifzadə küçələrinin kəsişməsində onun qarşısında yol verin işarəsi olduğundan qarşıdan gələn avtomobillərin olmadığınnan əmin olduqdan sonra o, hərəkətinə davam etmişdir. O, hərəkətə başladıqdan sonra yol kəsişməsini keçdikdən sonra qarşıdan gələn avtomobil onun idarə etdiyi avomobilin qarşısına çıxmışdır və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Sözügedən hadisə həmin yol ayrıcında olan piyada xəttinin üzərində baş vermişdir. Qarşıdan gələn sürücü piyada xəttinin üzərinə çıxmış öz yolu ilə getməmişdir. Qərar əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 1) yol hərəkəti — xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur; 3) yol hərəkətinin təhlükəsizliyi — yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir; Həmin Qanunun 36-cı maddəsinin ( Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) İ. bəndinə əsasən (Yol hərəkətinin iştirakçıları) 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Həmin Qanunun 42-ci maddəsinin (Hərəkətə başlama, manevr etmə) İX bəndinə əsasən Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 17:30-da Bakı şəhəri M.Həsənov – A.M.Şərifzadə küçələrinin kəsişməsində idarə etdiyi “X4” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolayrıcını keçmə qaydalarını pozması halı aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləki, X2 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, işin araşdırılan hallarından da görünür ki o, qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli, yol hərəkətinin təhlükəsizliyi ilə əlaqədar yol nişanlarına tabe olmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. Ərizəçi məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Yasamal rayon X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yasamal rayon X5 Şöbəsinin 20.02. 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar