Məhkəmə qərarları › İş №3(039)-1155/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1155/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1155/2025 15.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X7 Əliyar oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə sürücü kimi etibarnamə əsasında sürdüyü MAN TGX 26.440 6X2-2LL YÜK markalı ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu ərazisində yerləşən Ekologiya postunda polis əməkdaşları onu saxlamışlar. Bu zaman polis əməkdaşı ondan hazırda yük avtomobilində neçə ton yük olmasına dair qaimə tələb etmişdir. O, isə qaimənin kağız daşıyıcıda deyil elektron qaydada tərtib edilməsini bildirmişdir. Polis əməkdaşı ondan yük avtomobilinin tərəziyə çıxarılmasını tələb etmişdir. Tələbini yerinə yetirmək məqsədilə tərəzinin Ekologiya postunun hansı hissəsində olduğunu soruşduqda, polis əməkdaşı ona postda tərəzi olmadığını, yük avtomobilini 5-10 km aralıda şəxsi sahibkarın tərəzisinə aparılacağı bildirmişdir. Bunun qanuna zidd olduğunu bildirsə də, polis əməkdaşı onu hədələmişdir ki, əgər onun tələbinə riayət etməsə polisə müqavimətlə onu həbs edəcəkdir. Bundan sonra o, polis əməkdaşının sözlərinə uyğun olaraq yük avtomobilini 5-10 km uzaqlıqdakı şəxsi sahibkarın tərəzisinə aparmışdır. Orada idarə etdiyi nəqliyyat vasitəsi üçün çox fantastik olan rəqəmlə qarşılaşmışdır. Belə ki, tərəzidə yük avtomobilinin kütləsinin 37 ton olduğu göstərildi. O buna etiraz edərək tərəzinin lisenziyasının göstərilməsini tələb etmişdir. Ondan izahat alındıqdan sonra lisenziyanın göstəriləcəyini bildirdilər. Lakin ona hər hansı lisenziya təqdim edilmədi. Oradan aralaşdıqdan sonra dəfələrlə 102 qaynar xəttinə zənglər edərək şikayətlər etmiş, lakin şikayətlərinə uyğun araşdırma aparılmadan lisenziyasız tərəzinin nəticəsini əsas gətirərək cərimə edilmişdir. Hər hansı qayda pozmamağına baxmayaraq onun barəsində xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə istinadən İPX ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərara əsasən AR DİN-nin BDYPİ-nin əməkdaşı tərəfindən guya onun nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməyini əsas göstərilərək barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsini göndərməmiş və nümayəndəsinin gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Ona görə də məhkəmə qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin polis polkovniki X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X2 ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən tələb olunan sübutları (baş vermiş inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar) təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar X3 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X2 barəsində İXP ******* saylı protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin ediməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar