Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1204/2024 30.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Sadıqov Mehman Əlixan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin DYPB-nin inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1,332.2 və 343-1.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin DYPB-nin inspektoru polis serjantı X2 tərəfindən İXP seriyalı ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:19 radələrində “VAZ 2107” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan, sürücülük hüququ olmadan idarə etmiş və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax RPŞ-nin DYPB-nin inspektoru polis serjantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:19 radələrində Şəxs “VAZ 2107” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan, sürücülük hüququ olmadan idarə etmiş və o, əvvəlcə narkotik vasitədən istifadə etdiyini etiraf etmiş, bu halın yoxlanması yəni sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən isə imtina etmişdir. Dəfələrlə sürücüyə tibbi müayinədən keçməsi təklif olunmuş, müvafiq müayinənin keçirilməsi üçün həkim dəvət olunmasına baxmarayaraq Şəxs müxtəlif bəhanələrlə israrlı şəkildə tibbi müayinədən keçməkdən imtina etmişdir. Bu səbəbdən Şəxs barəsində onun tərəfindən MN seriyalı, İXP seriyalı ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, polis əməkdaşının barəsində tərtib etdiyi protokolla razıdır. Göstərilənləri nəzərə alaraq iş üzrə ona cərimə tənbehinin verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, müayinədən imtina etməsinin səbəbi həmin zaman nümünə üçün götürülməsi lazım olan sidik ifrazının olmaması və dəvət olunan şəxsin həkim olmamasından şübhələnməsi olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsinə əsasən Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində tərtib edilmiş protokolda özünün etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 343-1.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona sözügedən növdə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında protokolda göstərilmiş digər inzibati xətaya münasibətdə məhkəmə bildirir ki, protokolda göstərilmiş İnzibati Xətalar Məcəlləsinin digər maddələri (332.1-ci və 332.2-ci maddələr) Məcəllənin 43-cü maddəsinə əsasən məhkəmənin səlahiyyətinə aid deyildir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.8-ci bəndinə əsasən baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda göstərilmiş inzibati xətalara baxılma səlahiyyəti müxtəlif orqanlara aid olsa da onlar barəsində vahid protokol tərtib edilmişdir. Bu baxımdan, məhkəmə digər inzibati xətaya hüquqi qiymət verilməsi üçün protokolu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin X4 Bölməsinə geri qaytarılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.2-ci maddələri ilə müəyyən olunan tənbeh tədbiri məsələsinə baxılması üçün İXP seriyalı ******* nömrəli, 29 oktyabr 2024-cü il tarixli protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin X4 Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1204/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1204/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver