Məhkəmə qərarları › İş №3(039)-121/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-121/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-121/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi Təhqiqat bölməsinin təhqiqatçısı X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 11 yanvar 2022-ci il tarixli, 01400/0119 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ələmdar Həşimov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 11 yanvar 2022-ci il tarixli, 01400/0119 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisinin birinci müavini X3 tərəfindən qəbul edilmiş İnzibati Tənbeh vermə haqqında 01400/0119 №-li, EPN0004761 olan 11 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20,000 manat məbləğində valyutanın dəyərinin 50 faizi, yəni 10,000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş, onun xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 23 may 2020-ci il tarixdə 3 gömrük bəyannaməsi üzrə köçürülməli olan 54456 ABŞ dolları (92575.20 manat) məbləğində vəsaiti onun barəsində qəbul edilmiş 014000/0119 saylı qərarın qəbul edildiyi 11 yanvar 2022-ci il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin edilməsi, onun tərəfindən 54456 ABŞ dolları (92575.20 manat)məbləğində vəsaitinin 11 yanvar 2022-ci il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Əməliyyatları İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. O, həmin qərarı qeyri-qanuni, əsassız və ədalətsiz hesab edir. O, 3 gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC və "xxxx" MMC-yə ixrac etdiyi meyvə tərəvəz yükünün müqabilində 54,456 ABŞ dollar (92,575.20 manat) məbləğində vəsaitin onun müvəkkil bankda olan hesaba köçürülməməsi, tərəfindən törədilən-qəsdən və ya ehtiyatsızlıqdan inzibati xəta deyildir. Belə ki, 1.3 gümrük bəyannaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC və "xxxx" MMC yə ixrac etdiyi meyvə tərəvəz yükünün müqabilində 54,456 ABŞ dolları (92575.20 manat) məbləğində vəsaitin onun müvəkkil bankda olan hesaba köçürülməsi ilə bağlı "xxxx" MMC və "xxxx" MMC ilə onun arasında rəsmi müqavilə mövcuddur və müqavilə şərtlərinə görə məbləğin - yüklərin müqabilində qaytarılmalı olan vəsaitlərin onun müvəkkil bankda olan hesabına köçürülməsi birbaşa "xxxx" MMC və "xxxx" MMC-nin üzərinə götürdüyü öhdəlikdir. Eyni zamanda bununla bağlı onun maraqları da olmuşdur ki, ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan vəsait hesabına daxil olsun və bunun əksinə onun heç bir maraqları ola bilməz. Çünki, "xxxx" MMC və "xxxx" MMC-lər tərəfindən ona ödənilməli olan məbləği nəğd şəkildə sürücülər vasitəsi ilə Azərbaycan Respublikasına, ona göndərilmişdir. Müqavilənin şərtlərinə görə həmin məbləğ köçürmə yolu ilə ona qaytarılmalı idi. 2.3 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək yüklərin ixrac edilməsi 23.05.2020- ci il tarixdə baş vermiş və "xxxx" MMC və "xxxx" MMC ilə onun arasında olan müqavilənin şərtlərinə görə, ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan vəsaitlər 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməli idi. "xxxx" MMC və "xxxx" MMC tərəfindən qaytarılmalı olan vəsaitlərin son ödənilməli tarixi 23.05.2020-ci il tarixdən sonrakı 6 ay ərzində həyata keçirilməli idi ki, həmin tarix 23.11.2020- ci il tarixdə başa çatmışdır. Lakin hazırda o, şikayət etdiyi qərarın qəbul edilməsinə əsas Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 11.10.2021-ci il tarixli, 34/012/005821 saylı raportu olmuşdur. Bu da onu göstərir ki, (daha doğrusu birmənalıdır ki) ona inzibati tənbeh vermə ilə bağlı müddət keçmişdir. Belə ki, qeyd edilən raport qaytarılmalı olan vəsaitlərin son ödənilmə tarixindən 23.11.2020- ci ildən 11 ay keçdikdən sonra verilmiş, hazırda şikayət etdiyi qərar isə 11 yanvar 2022- ci il tarixdə 1 il 8 aydan sonra qəbul edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483- cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin maddədə deyilir Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Lakin iş materiallarından göründüyü kimi, onun əməlində qeyd edilən qanun normasının tərkibi yoxdur və İnzibati Xətalar məcəlləsinin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsi inzibati məsuliyyətin əsasları adlanır və həmin maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bundan başqa, onu qeyd etmək istəyir ki, ona 10,000 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi tam ədalətsizlikdir və həmin məbləğ hansı meyarlara əsasən hesablanmışdır, yəni sırf ədalətsizcəsinə tətbiq edilən cərimədir. X4 əvvəlki məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi Səbuhi İbrahimov şikayətin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin müddətin tamamında müvəkkil edilmiş Bank vəsaitin köçürülməməsi barədə birbaşa Gömrük Komitəsinə məlumat verir və bu məlumat əsasında da inzibati araşdırma aparıldıqdan sonra təqsirkar hüquqi və ya fiziki şəxs barədə Konstitusiya Məhkəməsi Plenumunun İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqədar şəkildə şərh verilməsinə dair 25 dekabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq inzibati qərar qəbul edilir. Beləliklə, Ələmdar Həşimov tərəfindən 23 may 2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi pomidor məhsullarının Rusiya Federasiyasına 3 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi, ümumilikdə 54,456 ABŞ dolları (92,575.20 manat) dəyərindəki yükün müqabilində qaytarılmalı olan məbləğin müvəkkil Bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar Gömrük Komitəsindən 12 oktyabr 2021-ci il tarixdə daxil olmuş sənədlər əsasında müvafiq inzibati araşdırılma aparılmış və X6 Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Həmin inzibati xəta barədə məlumat vaxtında Bank tərəfindən Gömrük Komitəsinə daxil olmuş, müvafiq müddətdən sonra isə inzibati araşdırma üçün Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir. Belə ki, inzibati qərarın 11 yanvar 2022-ci il tarixdə qəbul edilməsinə səbəb bu müddət ərzində sahibkara həmin pulun ödənilməsi üçün şərait yaratmaq olmuşdur. Lakin, Ələmdar Həşimov həmin müddət ərzində üzərinə öhdəlik götürsə də, pulun müvafiq hesaba köçürülməsini təmin etməmişdir. Ələmdar Həşimov tərəfindən törədilən xəta uzanan inzibati xətalara aiddir, belə ki, onun tərəfindən həmin məbləğfdə pulun hesaba köçürülməsi hələ də, təmin edilməmişdir. Bu səbəbdən müddət də ötürülməmiş hesab edilməlidir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş 01400/0119, EP0004761 nömrəli, 11 yanvar 2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X4 tərəfindən 23 may 2020-ci il tarixdə 3 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 54,456 ABŞ dolları (92,575.20 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına geri köçürülməmişdir. Həmin qərarla X6 Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 20,000 manat məbləğində valyuta dəyərinin 50%, yəni 10,000 manat məbləğində cərimə edilmiş, onun xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 23 may 2020-ci il tarixdə 3 gömrük bəyannaməsi üzrə köçürülməli olan 54,456 ABŞ dolları (92,575.20 manat) məbləğində vəsaiti onun barəsində qəbul edilmiş 014000/0119 saylı qərarın qəbul edildiyi 11 yanvar 2022-ci il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin edilməsi, onun tərəfindən 54,456 ABŞ dolları (92,575.20 manat)məbləğində vəsaitinin 11 yanvar 2022-ci il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük Əməliyyatları İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqədar şəkildə şərh verilməsinə dair 25 dekabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları 12.1 və 12.2-ci bəndləri). İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Qaydaların 12.3-12.5-ci bəndlərinə görə, Dövlət Gömrük Komitəsi ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin ölkəyə köçürülməsinə və gətirilməsinə nəzarət edən orqan kimi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməsini təmin etməlidir. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürməli, Palata isə müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Dövlət Gömrük Komitəsinə məlumat verməlidir. Məlum olduğu kimi, “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Mövcud sübutlar əsasında müəyyən edilir ki, Ələmdar Həşimov 23 may 2020-ci il tarixdə 3 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində 54,456 ABŞ dolları (92,575.20 manat) məbləğində vəsaiti 180 gün müddətində müvəkkil bankda olan hesabına geri köçürməyi öhdəsinə götürmüş olmuşdur. Lakin, 180 günün tamamında, yəni 23 noyabr 2020-ci il tarixədək bu öhdəliyi icra etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, 24 noyabr 2020-ci il tarixi Ələmdar Həşimov tərəfindən inzibati xətanın törədildiyi gün hesab edilməlidir. Lakin, həmin inzibati hüquqpozmaya görə Ələmdar Həşimov yalnız 11 yanvar 2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən inzibati qaydada tənbeh edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun bu Qərarında da qeyd edildiyi kimi, qanunvericilik ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsi və gətirilməsi qaydalarını müəyyən etmiş və buna nəzarəti, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsinin üzərinə qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, 24 noyabr 2020-ci il tarixdə Ələmdar Həşimov tərəfindən qeyd edilən inzibati xətanın törədilməsini vaxtında aşkar etmək və X5 Xətalar Məcəlləsinin tələblərinə uyğun qaydada və müddətdə inzibati məsuliyyətə cəlb etmək məhz gömrük orqanlarının vəzifəsidir. İnzibati Xətalar Məcəlləsi: Maddə 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddə 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19.12.2019-cu il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə görə, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Beləliklə, məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Ələmdar Həşimov tərəfindən 24 noyabr 2020-ci il tarixdə inzibati xəta törədilməsinə baxmayaraq, onun yalnız 11 yanvar 2022-ci il tarixdə, İnzibati Xətalar Məcəlləsinin 38.1 maddəsi ilə müəyyən edilmiş bir il müddət ötürüldükdən sonra inzbati tənbeh edilməsi qanunvericiliyin tələblərinə ziddir. İnzibati Xətalar Məcəlləsi: Maddə 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Maddə 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Maddə 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Maddə 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Maddə 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ələmdar Həşimov tərəfindən verilmiş şikayət təmin edilməli, Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 01400/0119, EP0004761 nömrəli, 11 yanvar 2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 10,000 (on min) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 01400/0119, EP0004761 nömrəli, 11 yanvar 2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə 01400-1800/21 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar