Məhkəmə qərarları › İş №3(039)-1247/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1247/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1247/2025 07.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi ilə, xx.xx.1983-cü il tarixdə Tərtər rayonu Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Tərtər rayonu Kəngərli kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Yevlax Rayon Polis X3 Polisi Bölməsi tərəfindən 23 iyul 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 23 iyul 2025-ci il tarixdə saat 02:15-də idarə etdiyi “SHACMAN yük” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozduğuna və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməsi kimi inzibati xətalarına yol verilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.1, 332.2 və 342.9-cu maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan İXH protokol tərtib olunmuşdur. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Protokol tərtib etmiş Yevlax rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X1 ilə telefon əlaqəsi saxlanılmış, sonuncu inzibati xəta hadisəsinin video görüntüsünü məhkəməyə təqdim etmiş, inzibati xəta haqqında protokola onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23 iyul 2025-ci il tarixdə saat 02:15-də idarə etdiyi “SHACMAN yük” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozduğuna və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməsi kimi inzibati xətalarına yol verilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirərkən müəyyən olundu ki, Şəxs “SHACMAN yük” markalı, **-DB-*** dövlət qeydiyyat nişanını palçıq ilə örtərək avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34-cü maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM 342.9-cu maddəsinin sanksiyasında əsas tənbeh növü ilə yanaşı əlavə tənbeh növü kimi inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsidə nəzərdə tutulmuşdur. Hazırki işdə isə müəyyən edilir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzəri palçıqla örtülü olmuşdur. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi əlavə tənbeh tədbiri tətbiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40.0.1,43, 48-51, 55,114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar