Məhkəmə qərarları › İş №3(039)-1267/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1267/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1267/2024 15.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax rayon X6 X8 inspektoru polis baş serjantı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar şəhəri H.Əliyev prospekti ev 123-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Yevlax rayon X6 X8 inspektoru, polis baş serjantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində “Hyundai Elantra” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən işıq cihazlarından istifadə qaydalarının pozulması, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitəsinin təsiri altında idarə edilməsi inzibati xətalarına yol verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan əməl törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, gündəlik dəyərini ödəmək şərti ilə avtomobil icarəyə götürərək taksi kimi işləyir, xx.xx.2024-cü il tarixdə YPX əməkdaşları tərəfindən saxlanılmış, barəsində İXM-in 333-1.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Əvvəllər də nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən polis əməkdaşları tərəfindən 600 manat cərimə edilmiş, həmin cəriməni avtomobili icarəyə götürdüyü rent a car şirkətinə ödəmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Yevlax rayon X6 X8 inspektoru polis baş serjantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:45 radələrində işıq cihazlarından istifadə qaydalarının pozulması səbəbindən “Hundai Elantra” markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs saxlanılarkən onun nəqliyyat vasitəsini idarə etmək hüququ olsa da, nəqliyyat vasitəsini narkotik vasitəsinin təsiri nəticəsində idarə etməsi və eyni əməli barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar yol verməsi müəyyən edilmişdir. Bununla da sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan əməl törədilmişdir. Barəsində tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində “Hyundai Elantra” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olaraq nəqliyyat vasitəsini narkotik vasitəsinin təsiri altında idarə etmiş və inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar eyni inzibati xətaya yol vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu əmələ görə barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 2646 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, barəsində icraat aparılan şəxs inzibati xətanın törədilməsi zamanı tibbi müayinədən keçmiş və onun narkotik vasitədən istifadəsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, maddənin dispozisiyasına əsasən həmin maddədə göstərilən məsuliyyətin yaranması üçün şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmalı, o, bu hüququ inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə həyata keçirməlidir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitəsinin təsiri altında idarə edilməsi və inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar inzibati xətaya yol verilməsinə görə İXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanı etiraf etməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran (müəyyən edilmədi) və yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində tərtib edilmiş protokolda özünün etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar