Məhkəmə qərarları › İş №3(039)-1311/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1311/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1311/2025 05.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Kəlbəcər rayonu, Hopurlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Yevlax Rayonu, Meyvəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 4 avqust 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş 04 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:30-də Yevlax rayonu Xanabad kəndi ərazisində Şəxs ilə YPX əməkdaşları arasında anlaşılmazlıq olmuş və o, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Xanabad kəndi ərazisində yol patrul xidmətinin polis əməkdaşı onu heç bir pozuntuya yol vermədiyi halda qanunsuz saxladığını, sürücülük vəsiqəsi olmamasını israr edərək maşında xəstəsi olduğu halda onu gözlətməklə və qanunsuz tələblərlə onu özündən çıxartdığını, bütün bunların nəticəsində əsəbləşərək nalayiq ifadələr işlətdiyini bildirmişdir. Lakin həmin yer ictimai yer olmamış, həmçinin polis əməkdaşı öz hərəkətləri ilə onu buna vadar etmişdir. Beləliklə o, göstərilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilmiş, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Şəxs onun həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Xanabad kəndi ərazisində polis əməkdaşları əsassız olaraq onun həyat yoldaşını ylda olarkən saxlamışlar, əsassız tələblər irəli sürərək yoldaşını əsəbləşdirib onunla dava dalaş etmişlər. Hadisə günü o da maşında olmuşdur. Yoldaşının dalaşdığını görüb o da maşından düşmüşdür. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə bilavasitə tabe olan Yol- Patrul Xidməti Alayı Vİİİ tağım yol patrul xidməti inspektoru, baş polis serjantı X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində post yoldaşı ilə birlikdə Yevlax rayonu Xaldan kəndi ərazisində xidmətdə olarkən “VAZ 2121” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşına tərəflərindən sayrışan işıq və səs gücləndirici ilə saxla işarəsi verilərək həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Avtomaşının sahibi Şəxs avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtbi edildiyini və cərimə ediləcəyini bildirilmişdir. Bundan sonra Şəxs əsassız yerə hay-küy salmış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və çəkilişlər edib sosial şəbəkələrdə paylaşacağını bildirmişdir. Həmin şəxsi dəfələrlə nizam intizama dəvət edsələr də, vətəndaş onların qanuni tələblərinə qəsədən tabe olmamışdır. Bu səbəbdən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün tərəfindən raport tərtib olunmuşdur. Əlavə olaraq yaxa kamerası ilə qeydə alınmış video görüntülərini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində BDYPİ-nin YPX-nin əməkdaşının ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır; Məhkəməyə təqdim edilmiş 01 ədəd “CD-R” formatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, “VAZ 2121” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ilk öncə onu saxlayan polis əməkdaşına ilk öncə qanunsuz təkliflər etmiş, tanışlıq yaratmağa çalışmış, daha sonra barəsində protokol tərtib ediləcəyini eşitdikdə səsküy salmağa, polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Yevlax rayonu Xaldan kəndi ərazisində “VAZ 2121” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü yol hərəkəti qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü Şəxs əsassız yerə səs-küy salaraq polis əməkdaşı ilə dalaşmış, onun ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə xəbərdar edilməsinə baxmayaraq hərəkətlərinə davam etmişdir. Şəxs ilə YPX əməkdaşı arasında baş verən dialoq baş polis serjantı X3 xidməti geyimində olan yaxa kamerası ilə qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş inzibati xəta hadisəsinin videogörüntüsünə baxış keçirən zaman müəyyən olmuşdur ki, Şəxs Yevlax rayonu Xanabad kəndi ərazisində xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadəsi, işdə olan materiallarla, habelə CD disk görüntüləri ilə, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə, Şəxs və onun arvadı İmarət Allahverdiyevanın məhkəmə iclasında verdiyi izahatlarınıxəta törətmiş şəxsin inzibati məsuliyyətdən yayınması üçün verilmiş izahat kimi qiymətləndirir. Şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, cərimə inzibati təhbeh növü onun inzibati xəta törətmiş şəxslərin əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə , Şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200,0 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar