Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1363/2024 29.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ucar rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ucar şəhəri, X6, ev 123 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 noyabr 2024-cü il tarixdə saat 22:45 radələrində Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, RPŞ-nin DYPB-nin YPX inspektoru İlkin İbrahimov 14 noyabr 2024-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 22:45 radələrində Yevlax-Xaldan-Mingəçevir yolunda xidmətdə olarkən “Hyundai Elantra” markalı, 77KO892 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, sənədlərin təqdim edilməsini tələb etdikdə avtomobildə olan şəxslər sürücü və sərnişinlər birgə onların fəaliyyətinə maneəçilik törədərək əl-qol hərəkətləri etməyə, qanuni tələbinə məhəl qoymayaraq səs-küy salmağa və qaçmağa cəhd etmiş, sözügedən avtomobili duracağa yerləşdirmək istəyərkən onlar yenidən polis əməkdaşının xidməti fəaliyyətini pozaraq səs-küy salmağa və qeyri etik ifadələr işlədərək qaçmağa cəhd etmişlər. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 14 noyabr 2024-cü il tarixdə saat 22:45 radələrində “Hyundai Elantra” markalı, 77KO892 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olarkən YPX-nin əməkdaşları ona saxla işarəsi vermiş, o, avtomobili saxlamışdır. Daha sonra YPX əməkdaşları tərəfindən o, RMX-ya sərxoşluq müayinəsindən keçməyə dəvət etmişlər, o isə müayinədən keçməkdən imtina etməyərək onların tələbinə olmuşdur. Onun tərəfindən səs-küy salınmamış və qeyri etik ifadələr işlədilərək qaçmağa cəhd olunmamışdır, həmin hallara yanında olan sərnişinlər tərəfindən yol verilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin DYPB-nin YPX inspektoru X5 izahatında göstərdi ki, 14 noyabr 2024-cü il tarixdə ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Yevlax-Xaldan-Mingəçevir yolunda xidmətdə olarkən saat təxminən 22:45 radələrində işıq cihazlarından düzgün istifadə edilmədiyi üçün “Hyundai Elantra” markalı, 77KO892 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermiş, həmin avtomobilin sürücüsü avtomobili saxlamışdır. Sürücüdən şübhələndiyi üçün ondan RMX-ya tibbi müayinədən keçmək üçün getməsini tələb etmiş, sürücü isə bununla razılaşmışdır. Onlara sonradan məlum olmuşdur ki, sürücü Şəxsdur. Verilmiş suala cavab olaraq bildirdi ki, raportda qeyd etdiyi kimi onların fəaliyyətinə maneəçilik törədərək əl-qol hərəkətləri edilməsi, qanuni tələblərinə məhəl qoyulmayaraq səs-küy salınaraq qaçmağa cəhd edilməsi və sözügedən avtomobili duracağa yerləşdirmək istəyərkən yenidən polis əməkdaşının xidməti fəaliyyətini pozaraq səs-küy salınması və qeyri etik ifadələr işlədərək qaçmağa cəhd edilməsi hərəkətlərini həmin avtomobildə əyləşən sərnişinlər olan Ağdaş sakinləri Fazil Məhərrəmov və Rəşad Məmmədov adlı şəxslər tərəfindən yol verilmişdir. Sürücü Şəxs onun qanuni tələblərinə tabe olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax RPŞ-nin DYPB-nin YPX inspektoru İlkin İbrahimov tərəfindən rəhbərliyə ünvanlanmış 14 noyabr 2024-cü il tarixli raportdan görünür ki, 14 noyabr 2024-cü il tarixdə saat 22:45 radələrində Yevlax-Xaldan-Mingəçevir yolunda xidmətdə olarkən “Hyundai Elantra” markalı, 77KO892 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, sənədlərin təqdim edilməsini tələb etdikdə avtomobildə olan şəxslər sürücü və sərnişinlər birgə onların fəaliyyətinə maneəçilik törədərək əl-qol hərəkətləri etməyə, qanuni tələbinə məhəl qoymayaraq səs-küy salmağa və qaçmağa cəhd etmiş, sözügedən avtomobili duracağa yerləşdirmək istəyərkən onlar yenidən polis əməkdaşının xidməti fəaliyyətini pozaraq səs-küy salmağa və qeyri etik ifadələr işlədərək qaçmağa cəhd etmişlər. Yevlax RPŞ-nin PPXB-nin əməkdaşları kömək məqsədi ilə əraziyə dəvət olunmuş, sürücü və sərnişinlərin Yevlax RPŞ-nə aparılması təmin edilmişdir. Yevlax RPŞ-də sürücünün Ucar rayon sakimi 1986-cı il təvəllüdlü Şəxs, sərnişinlərin Ağdaş rayon, Yuxarı Nmətabad kənd sakini 1995-ci il təvəllüdlü X3 və Ağdaş rayon sakini 1987-ci il təvəllüdlü X4 olduğu məlum olmuşdur. Sürücü RMX-da tibbi müayinədən keçirilmiş və onun avtomobili təkrar narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq sürücü və sərnişinlər barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; 14 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 noyabr 2024-cü il tarixdə saat 22:45 radələrində Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs 14 noyabr 2024-cü il tarixdə saat 22:45 radələrində “Hyundai Elantra” markalı, 77KO892 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olarkən YPX-nin əməkdaşları ona saxla işarəsi vermiş, o, avtomobili saxlamışdır. Daha sonra YPX əməkdaşları tərəfindən o, RMX-ya sərxoşluq müayinəsindən keçməyə dəvət etmişlər, o isə müayinədən keçməkdən imtina etməyərək onların tələbinə olmuşdur. Bu halda nəzərə alınmalıdır ki, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İXM-in 3-cü maddəsi). Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə, həmçinin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina edilməsinə görə müvafiq olaraq İXM-in 327.3 və 343-cü maddələrində məsuliyyət nəzərdə tutulmuşdur. Yəni, Şəxs əməlində İXM-in 535.1-ci maddələrinin tərkib əlamətləri mövcud deyil. Həmçinin, iş üzrə dindirilmiş şahid də Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olduğunu göstərmişdir. Qeyd olunan hallar isə Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını istisna edir. Belə ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması yoxdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından Şəxs barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli 14 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1363/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1363/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver