Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1395/2024 23.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Yevlax rayon X3 X6 yol patrul xidmətinin inspektoru polis serjantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Goranboy şəhəri Ş.Qurbanov küçəsi ev 7-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon X3 Yol Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsi ərazisində idarə etdiyi “Toyota Prius” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Yevlax X3 X6 yol patrul xidməti inspektoru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayonu ərazisində idarə etdiyi “Toyota Prius” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından istifadə qaydalarını pozmağa görə saxlanılmış, bu zaman sürücünün gözlərinin qızartılı olması və hərəkətlərinin adekvat olmadığı müəyyən olunmuşdur. Buna əsasən sürücü tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində sürücünün narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Nəticədə Şəxs avtomobili eyni zamanda narktoik vasitəsinin təsiri altında idarə etdiyi müəyyən olunmuş və sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onu xx.xx.2024-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yol patrul xidməti inspektoru X2 deyil başqa adlarını bilmədiyi digər polis əməkdaşları saxlamış, daha sonra Səxavət Quliyev oraya gəlmişdir. Daha sonra sərxoşluğun müayinəsi üçün onu Mingəçevir şəhərində olan xəstəxanaya aparmış, polis əməkdaşları öz avtomobillərinin baqajından birdəfəlik istifadə üçün olan stəkanı gətirərək sidik nümunəsinin verilməsini bildirmişlər. Nümünəni verdikdən sonra həkim ona narkotik istifadə etdiyini bildirsə də, o bununla razılaşmayaraq xəstəxanada heç bir sənədi imzalamamışdır. Bundan iki gün sonra isə özü müstəqil şəkildə Gəncə şəhər Narkoloji Dispanserdə müayinədən keçərkən heç bir narkotik istifadə etmədiyi müəyyən olunmuşdur (müvafiq rəyi məhkəməyə təqdim edir). xx.xx.2024-cü il tarixdə axşam saat 11-ə dək polis şöbəsində olmuş və orada polis əməkdaşları ondan işi bağlamaq üçün ilk əvvəl 6000 manat daha sonra isə 1000 manat pul istəmişlər. Bu barədə prokurorluq orqanlarına şikayətlər etmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən tərtib olunmuş inzibati xəta ilə bağlı protokolla razı olması barədə qeydləri avtomobilini cərimə meydançasından çıxarmaq üçün yazmışdır. Yenidən müayinədən gec yəni 3 gün sonra keçməsinin səbəbi isə fərdi şəkildə narkoloji kabinet tərəfindən müayinəyə qəbul edilməməsi olmuşdur. Sonradan isə Gəncə şəhər Narkoloji Dispanserə yalandan işə qəbul ilə bağlı lazım olduğunu bildirərək xx.xx.2024-cü il tarixdə yoxlanışdan keçərək hazırki rəyi almışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 333-1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli İXM ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayonu ərazisində idarə etdiyi “Toyota Prius” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 2861 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs marixuana sərxoşluğu müəyyən edilmişdir. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4282/2024 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs sidikdə narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni nəqliyyat vasitəsinin narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 2861 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs marixuana sərxoşluğu müəyyən edilmişdir; - xx.xx.2024-cü il tarixli İXM ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayonu ərazisində idarə etdiyi “Toyota Prius” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - Şəxs məhkəmə iclasında verdiyi izahatında hadisə baş verdikdən 3 gün sonra Gəncə şəhər Narkoloji Dispanserə yalandan işə qəbul ilə bağlı lazım olduğunu bildirərək xx.xx.2024-cü il tarixdə yoxlanışdan keçərək sidiyində narkotik vasitə aşkar edilməməsi barədə rəyi aldığını göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1395/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1395/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver