Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-159/2021 16.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Hacıselli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayonu Hacıselli kənd sakini Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Şəxs 2021-ci ilin yanvar ayında karantin qaydalarını pozduğu üçün 200 manat məbləğində cərimə olunmuş və həmin cəriməni ödəmədiyi üçün xx xxxxxx 2021-ci il tarixdə rayon polis şöbəsinə dəvət olunaraq həmin cəriməni ödəməsini ondan tələb etmişlər. Şəxs polis əməkdaşına həmin cəriməni hazırda imkanının olmadığı üçün ödəyə bilməyəcəyini “mən 100 manat cərimə olunmuşam” kimi sözlər deyərək səs-küy salmışdır. xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşı onun yaşadığı ünvana gələrək cərimənin ödənilməsini tələb etmişdir. O, polis əməkdaşına hazırda maddi imkanının olmamasını, ona müəyyən vaxt verildikdən sonra cəriməni ödəyə biləcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, 2021-ci ilin yanvar ayında karantin qaydalarını pozduğu üçün cərimə olunmuşdur. Lakin onun maddi imkanı olmadığı üçün həmin cəriməni ödəməmişdir. xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşı onun yaşadığı ünvana gələrək cərimənin ödənilməsini tələb etdikdə o, dərhal həmin cəriməni ödəməyə maddi imkanın olmamasını bildirmişdir. Bundan sonra onu polis əməkdaşırayon polis şöbəsinə getməyi təklif etdikdə o, polisin tələbinə etiraz etməyərək onunla polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X2 izahatında bildirmişdir ki, Şəxs 2021-ci ilin yanvar ayında karantin qaydalarını pozduğu üçün 200 manat məbləğində cərimə olunmuş və həmin cəriməni ödəmədiyi üçün o, xx xxxxxx 2021-ci il tarixdə vətəndaşın yaşadığı ünvana güdərək cərimənin ödənilməsini tələb etmişdir. Şəxs isə ona “hazırda mənim maddi imkanım yoxdur, mən 100 manat məbləğində cərimə olunmuşam” sözləri dedikdən sonra o, Şəxs rayon polis şöbəsinə getməyi təklif etmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayonu Hacıselli kənd sakini Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs izahatıdan xx xxxxxx 2021-ci il tarixdə Şəxs polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır, Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində “mən 100 manat məbləğində cərimə olunmuşam, mənim cəriməni ödəməyə hazırda maddi imkanım yoxdur və sair” sözləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş polisin qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, polisin inzibati xətaya görə məsuliyyətə cəlb edilmiş şəxsdən cərimənin ödənilməsini tələb etmək tələbi qanuni deyil. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.5-ci maddəsinə əsasən inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları icra sənədi sayılır və həmin qərarların icrası icra məmurları tərəfindən həyata keçirilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə, şəxsin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-159/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-159/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver