Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-160/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi Təhqiqat bölməsinin təhqiqatçısı X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin 21 yanvar 2022-ci il tarixli, 01400/1581/01 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin rəisinin birinci müavini X4 tərəfindən 21 yanvar 2022-ci il tarixdə qəbul edilmiş 01400/1581/01 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X5 tərəfindən 18.05.2020-ci il tarixdə 16 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 299083,90 ABŞ dollar (508442,63 manat) məbləğində vəsaitin X3 müvəkkil bankda olan hesabına geri köçürülməmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X8 Ərazi Baş Gömrük İdarəsinin rəisinin birinci müavini X4 tərəfindən 21 yanvar 2022-ci il tarixdə qəbul edilmiş 01400/1581/01 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. 23.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, həmin qərarı qeyri-qanuni, əsassız və ədalətsiz hesab edir. O, 16 gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan müxtəlif MMC-lərə ixrac etdiyi yükün müqabilində 299083,90 ABŞ dollar (508442,63 manat) məbləğində vəsaitin onun müvəkkil bankda olan hesaba köçürülməməsi, tərəfindən törədilən - qəsdən və ya ehtiyatsızlıqdan inzibati xəta deyildir.Belə ki, gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan MMC-lərə ixrac etdiyi yüklərin müqabilində 299083,90 ABŞ dollar (508442,63 manat) məbləğində vəsaitin onun müvəkkil bankda olan hesaba köçürülməsi ilə bağlı Rusiya Federasiyasında yerləşən MMC-lər ilə onun arasında rəsmi müqavilə mövcuddur və müqavilə şərtlərinə görə məbləğin – yüklərin müqabilində qaytarılmalı olan vəsaitlərin onun müvəkkil bankda olan hesabına köçürülməsi birbaşa Rusiya Federasiyasında yerləşən MMC-lərin üzərinə götürdüyü öhdəlikdir. Eyni zamanda bununla bağlı onun maraqları da olmuşdur ki, ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan vəsait hesabına daxil olsun və bunun əksinə onun heç bir maraqları ola bilməz. Çünki, xarici dövlətdə yerləşən MMC ona ödənilməli olan məbləği nəğd şəkildə sürcülər vasitəsi ilə Azərbaycan Respublikasına, ona göndərmişdir. Müqavilənin şərtlərinə görə həmin məbləğ köçürmə yolu ilə ona qaytarılmalı idi. Bundan başqa gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək yüklərin ixrac edilməsi 18.05.2020-ci il tarixdə baş vermiş və yuxarıda qeyd etdiyi kimi, xarici dövlətdə yerləşən MMC-lər ilə onun arasında olan müqavilənin şərtlərinə görə, ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan vəsaitlər 180 (yüz səksən ) gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməli idi. Xarici dövlətdə yerləşən MMC-lər tərəfindən qaytarılmalı olan vəsaitlərin son ödənilməli tarixi 18.05.2020-ci il tarixdən sonrakı 6 (altı) ay ərzində həyata keçirilməli idi ki, həmin tarix 18.11.2020-ci il tarixdə başa çatmışdır. Bu da onu göstərir ki, ona inzibati tənbeh vermə ilə bağlı müddət keçmişdir. Belə ki, qeyd edilən raport qaytarılmalı olan vəsaitlərin son ödənilmə tarixindən - 18.11.2020-ci ildən 11 ay keçdikdən sonra verilmiş, hazırda şikayət etdiyi qərar isə 21 yanvar 2022-ci il tarixdə 1 il 8 aydan sonra qəbul edilmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsaslanaraq Şimal Ərazi Baş Gömrük İdarəsinin İnzibati Tənbeh vermə haqqında № 01400/1581/01, EP№ ******* olan 21 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında QƏRARİNİN ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 Ələmdar Şaban oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib bildirmişdir ki, gömrük orqanı respublikada sahibkarlara edilən güzəştlərə görə fiziki şəxsə konsiqnasiya yolu ilə ixrac etdiyi yüklərin müqabilində müvəkkil bankda olan hesabına köçürülməli olduğu vəsaitin köçürülməsi üçün möhlət verir. Lakin fiziki şəxsin ixrac etdiyi yüklərin müqabilində müvəkkil bankda olan hesabına köçürülməli olan 299083,90 ABŞ dollar (508442,63 manat) məbləğində vəsait köçürülmədiyindən gömrük idarəsinin müvafiq idarəsinin əməkdaşları tərəfindən faktla bağlı raport tərtib olunduqdan sonra fiziki şəxs barəsində araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı cərimə edilmişdir. Bundan başqa X3 şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş № 01400/1581/01, EP№ ******* olan 21 yanvar 2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X5 tərəfindən 18.05.2020-ci il tarixdə 16 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 299083,90 ABŞ dollar (508442,63 manat) məbləğində vəsaitin X3 müvəkkil bankda olan hesabına geri köçürülməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, malların (işlərin, Komitələrin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarında qeyd olunan hüquqi mövqeyə əsasən eyni zamanda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərara əsasən malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyətli orqanən nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, X5 tərəfindən 18.05.2020-ci il tarixdə rəsmiləşdirilən 16 bəyannamə üzrə 180 günə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli idi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və 18.11.2020-ci ildə həmin 180 gün müddəti bitmişdir. Həmin tarixdən 1 il müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 inzibati məsuliyyətə cəlb edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Şimal Ərazi Baş Gömrük İdarəsi göstərilən xəta ilə bağlı 21 yanvar 2022-ci il tarixdə, inzibati xətanın baş verdiyi gündən 01 ildən artiq müddətdən sonra inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd edildiyi kimi, qanunvericilik ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsi və gətirilməsi qaydalarını müəyyən etmiş və buna nəzarəti, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsinin üzərinə qoyulduğundan xətanın törədilməsini vaxtında aşkar etmək və məsuliyyətə cəlb etmək gömrük orqanının vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X3 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 21 yanvar 2022-ci il tarixli, 01400/1581/01 nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 21 yanvar 2022-ci il tarixli, 01400/1581/01 saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-160/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-160/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver