Məhkəmə qərarları › İş №3(039)-1605/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1605/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1605/2025 26.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1 və Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Qax rayonu, Ləkit kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Yevlax şəhər İcra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax şəhər İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qax Rayon Məhkəməsinin 2(024)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 180 manat məbləğində alimentin tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Borclu Şəxs bu günkü tarixədək borcunu tam ödəyə bilmədiyini, hazırki tarixə 2880 manat aliment borcu qalmışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclaslarında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, protokol düzgün tərtib edilməmişdir. Onun hazırki tarixə 2880 manat borcu yoxdur. Tələbkarla arasında razılıq olmuşdur. Həmin razılığa əsasən kredit borcundan ödənişlər etmişdir. Bankdan alınmış çıxarışı təqdim edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 protokolun məzmununa uyğun izahat verdi və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tələbkar Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq borclunun ödənişləri qismən etdiyi üçün hazırki tarixə 900 manat aliment borcu qaldığını və həmin pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(024)-419/2024 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat məbləğində aliment Şəxs tutularaq tələbkar X4 ödənilməlidir Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(024)-419/2024 saylı icra sənədi üzrə icraat xx.xx.2024-cü il tarixdə başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və ona tələbi könüllü icra etməsi üçün 10 gün müddət verilmişdir. İcra məmuru borclunun tələbin yönəldilə biləcəyi başqa daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olubolmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı aliment borcunun 2880 manat olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol işin faktiki halları düzgün araşdırılmadan tərtib edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsin görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar